DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi ötən ildə görülən işlərin yekunlarına həsr olunmuş iclas keçirib və bu barədə DİN mətbuat xidməti məlumat yayıb. İclasda hesabat rəqəmləri açıqlanıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov qeyd edir ki, narkotiklərlə bağlı 2636 cinayət faktı aşkar edilib ki, onlardan 817-ci narkotik vasitələrin qanunsuz satışı, 1694-ü qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanılması və 111-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlıdır.
Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 557 kiloqramdan çox müxtəlif növ narkotik vasitə, o cümlədən 298,8 kq marixuana, 164,8 kq həşiş, 52,3 kq heroin, 14,1 kq tiryək, 1,5 kq psixotrop maddə və prekursorlar, 106,7 qram metadon, 27,1 kq digər narkotik vasitələr aşkar olunaraq götürülüb.
19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin qaçaqçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 53,9 kq müxtəlif növ narkotik vasitə aşkar olunaraq götürülüb.
Hesabat dövründə qanunsuz dövriyyədən qrup şəklində törədilmiş 106 cinayət faktı üzrə 136 kiloqramdan çox müxtəlif növ narkotik vasitə çıxarılıb, ümumi çəkisi 366,7 ton narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.
Lakin məlumatda bu sahədə cinayətin səviyyəsinin artması və ya azalması, narkobiznes marşrutunda dəyişikliklər, narkodilerlərin vətəndaşlığı və digər açıqlama verilmir.
Azərbaycanda narkobiznesə qarşı bir neçə güc strukturu (DİN, MTN, Sərhəd Xidməti və Gömrük Komitəsi) mübarizə aparır. Bu sahədə ən böyük "ov" MTN-in payına düşür. Lakin hakimiyyət bu sahədə bütün qurumların gördüyü işlərlə bağlı ümumiləşdirilmiş məlumat təqdim etmir. Eyni zamanda hakimiyyət narkotraffikin böyük hissəsinin nəzarətsiz qaldığını gizlətmir. Belə ki, baş nazirin müavini Əli Həsənov etiraf edib ki, hakimiyyət narkotraffikin 10%-nin qarşısını ala bilir. Bu o deməkdir ki, hər il Azərbaycan vasitəsilə Rusiyaya və Avropaya yüzlərlə kq heroin, tiryək və digər narkotik maddə daşınır, - deyə "Turan"ın şərhində bildirilir.
Ölkədə narkomanların sayına gəlincə, rəsmi məlumatlara görə, bu rəqəm 10 min nəfərdir, lakin qeyri-rəsmi məlumatlara görə, bu göstərici bir neçə dəfə çoxdur. Narkotik maddələrin əsas mənbəyi Əfqanıstan, ölkəyə gətirilmə yolu isə İrandır.
Qeyd edək ki, İranda uyuşdurucu qaçaqçılığı ilə məşğul olanlar edam cəzasına məhkum edilsələr də, bu faktların əsasən Farsistan bölgələrinə aidliyi gözdən qaçmır. İrandan Azərbaycana narkotik daşıyan qaçaqçılara qarşı bu kimi sərt rəftarın müşahidə edilmədiyi düşündürücüdür.
|