Müştərilərini vicdansızca aldatmış olan "Gen" və "Kamran" şirkətləri dövlətin işə qarışmasından sonra müştərilərini yanvar ayı ərzində razı salacağı barədə ilkin olaraq verdiyi vədi yerinə yetirmir. Müştərilərdən birinin bildirdiyinə görə, mənzil üçün məbləğin müəyyən hissəsini ödəmiş olanlara indi deyirlər ki, "qalanını da ödə, sonra səni haradasa yerləşdirə bilərik". Məbləği tam ödəmiş olanlara isə məbləğin yarısını (?!) geri ödəməyi təklif edirlər ki, "bununla kifayətlən və Allahına şükür elə çıx get" (?!).
Çərşənbə günü "Gen" və "Kamran" tikinti şirkətlərinin aldatdığı, düşdükləri bu əcaib situasiyada əzab çəkən 50-yə yaxın əmanətçi Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Onlar mənzil verilməsini və ya pulların qaytarılmasını tələb ediblər. Lakin Prezident Administrasiyasından heç kim onların qarşısına çıxmayıb.
Bundan əlavə, polislər vətəndaşları kobud şəkildə sıxışdırmağa başlayıblar, halbuki onların arasında yaşlılar da olub. Onlara məsləhət görülüb ki, Bakı meriyasına müraciət etsinlər. Etirazçılar arasında yaşlı qadınların birinin halı pisləşib, təcili yardım çağırılıb ("Turan").
Bundan bir gün əvvəl isə əmanətçilər mətbuat konfransı keçiriblər. Onlar bildiriblər ki, həmin tikinti şirkətlərinin vəzifəli şəxsləri həbs edilsə də, əmanətçilərin hüquqları bərpa olunmayıb. Vətəndaşlar hesab edirlər ki, bu fırıldaqçılığın arxasında hansısa yüksək vəzifəli şəxslər dayanır. Onların fikrincə, dövlət bu dələduzluğa görə məsuliyyət daşımalıdır, belə ki, şirkətlər dövlət qeydiyyatından keçib və qanunların nəzarəti altında fəaliyyət göstərib.
"Gen" şirkəti vətəndaşlardan 8 mln. manata, "Kamran" şirkəti isə 5 mln. manata yaxın pul yığıb. Müvafiq olaraq 310 və 100 əmanətçi onların hərəkətlərindən şikayət edir.
Hüquq müdafiəçisi Ələkbər Məmmədovun sözlərinə görə, bu gün öz müştərilərini aldadan tikinti şirkətlərinin, demək olar, hamısı "Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan sahibkar İsfəndiyar Axundova məxsusdur. İsfəndiyar Axundov isə bu şirkətlərə bağlılığını inkar edir.
|