Qaradağ rayonunda yerləşən daş karxanalarının ayrı-ayrı məmurlar, iş adamları arasında daimi çəkişmə meydanı olduğu yeni deyil. Son hadisə isə bu məsələnin nə qədər ciddi olduğunu göstərir. Odlu və soyuq silahlar, əmək alətləri, şantajlar işə salınır, bir dəstə digərinə hücum çəkir. Qanun və polisin isə nüfuzu nədənsə görünmür...
Bakıda daş karxanasında fəhlələr arasında son belə bir hadisə ilə bağlı iki adam həbs edilib. Qaradağ rayonunda yerləşən daş karxanasında işləyən iki fəhləyə xəsarət yetirməkdə təqsirli bilinənlər - Bakı şəhər sakinləri Cəmal Salamov və onun qardaşı İlahəddin tutularaq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, Qaradağ rayonu ərazisində "Şahqaya" daş karxanasının rəhbər və işçi heyətinə hücum olub. Dörd maşınla gələn 15-dən artıq silahlı şəxs karxananın işçilərini döyməyə başlayıb. Onlar ilk olaraq karxananın işçisi Rauf Cəfərovu döyməyə başlayıblar. Bu zaman qardaşının təpiklənməsinə dözməyən Əfrayıl Cəfərov davaya girişib. İşçilərinin hücum edən şəxslərə güc gələ bilmədiyini görən karxananın sahə rəisi İlahəddin Salamov əlini dəmir lingə atıb. Qarşısına keçən şəxslərdən birini arxadan vurub.
Polisə ilkin ifadəsində zərərçəkmiş Rauf Cəfərov hadisənin təfərrüatlarını danışıb: "Dörd-beş maşın gəldirlər. Əllərində silah vardı. Məni təpiklədilər. Bu zaman qardaşım da davaya girişdi. Lakin İlahəddin Salamovun onlardan birini linglə vurmasından sonra Nazim adlı şəxs üstümüzə "Vinçester" çəkdi".
Məlum olub ki, hücum edən şəxslər qonşu obyektin işçiləri olublar. Daş karxanasının icarədarı olan Yusif Zeynallı bir müddət əvvəl obyekti Camal Salamova 285 min manata icarəyə verib. Sonra isə 45-50 min manata qonşu obyektin sahibinə icarəyə verib. Bundan sonra tərəflər arasında münaqişə başlayıb. Dava zamanı hər iki tərəfdən ümumilikdə 6 nəfər xəsarət alıb. Hücum edən tərəfdən 32 yaşlı Nazim Həsənov bıçaq xəsarəti, 29 yaşlı Elməddin Həsənov isə döyülmə ilə xəstəxanaya yerləşdirilib. Karxanada olan 2 "Niva", "Mercedes" və "KamAZ" olmaqla 4 maşın əzilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır. Onu da əlavə edək ki, ötən ilin noyabrında da həmin karxanada tərəflər arasında dava olmuşdu. Həmin vaxt 4 nəfər xəsarət almışdı.
|