Xəzəryanı dövlətlər sahilyanı suveren zonaların və müstəsna balıqçılıq zonasının eni barədə razılığa gəliblər. "Turan"ın məlumatına görə, bunu RF XİN rəhbəri Sergey Lavrov Moskvada mətbuat konfransında bildirib. Eyni zamanda o, nərə ovunun qadağan olunması ilə bağlı razılığa dair ciddi irəliləyişin olmadığını da qeyd edib.
"Təəssüf ki, Bakı sammitindən (2010-cu il, noyabr) sonra prezidentlərin qəbul etdikləri razılaşmalar çox da aktiv yerinə yetirilmir. O zaman iki baza qərar təqdir edilmişdi. Birincisi, Xəzərdə nərə balığı ovuna moratorium qoyulmasıdır. Mövcud razılaşmanın hazırlanmasına iki ay vaxt verildi. Lakin indiyədək bu baş tutmayıb. Qeyd edim ki, bu, Rusiya və ya Azərbaycanın günahı üzündən deyil", - deyə o vurğulayıb.
İkinci razılaşma Xəzərin hüquqi statusunun müəyyən edilməsi çərçivəsində sahilyanı dövlətlərin suverenliyi altında olan rayonlardan və müstəsna balıqçılıq zonasından ibarət sahilyanı zonaların qurulması ilə bağlı prinsipial razılığa aid idi.
"Biz məsləhətləşmələri davam etdiririk, işçi qruplarının görüşləri keçirilir. İki zonanın eni ilə bağlı hamını qane edən razılaşma əldə olunub. Digər istiqamətlər, o cümlədən Xəzəryanı ölkələrin hərbi gəmilərinin xəbərdarlıq rejiminə əməl etməklə həmin zonalardan dinc keçmək hüququ məsələsi üzrə irəliləmək lazımdır", - deyə Lavrov qeyd edib.
Ötən ilin sonunda işçi qrupunun növbəti sessiyası keçirilib. Sessiya zamanı Xəzərin hüquqi statusuna dair bəzi aspektlər üzrə irəliləyiş əldə olunub.
"Mən bu işin davamına nikbinliklə baxıram. Biz tezliklə nəticə əldə olunmasında maraqlıyıq. Moskvada növbəti Xəzər sammitinin keçirilməsinə dair razılaşma var. Danışıqları aparan komanda konsensus əldə etdikdən sonra biz yuxarı dairələrdə görüşün vaxtının razılaşdırılması üzrə işə başlayacağıq", - deyə o vurğulayıb.я
|