Avropa ağız dolusu "Nabucco"dan danışsa da, ortalıqda illərdir ki, danışıqdan başqa heç nə yox idi. Azərbaycan isə məcburən "Şahdəniz" layihəsinin ikinci fazasını gecikdirirdi. Bu isə milyardlarla ölçülən gəlirin gecikdirilməsi deməkdir.
Bir ara avropalılar istədilər ki, "Nabucco" Azərbaycanın pulu ilə tikilsin, əldə olunan gəlir Azərbaycanın kəmərə yatırdığı investisiyanı ödəyəndən sonra isə kəmər elə avropalıların özünə qalsın. Əlbəttə ki, Azərbaycan buna getmədi.
"Nabucco"dan savayı da təkliflər var idi. Lakin rəsmi Bakı, ARNDŞ-nin prezidenti Rövnəq Abdullayevin dediyi kimi, "Azərbaycan gələcəyi üçün böyük bir işin təməlini qoydu".
Türkiyə ilə Azərbaycan arasında "Şahdəniz" yatağından təbii qazın Türkiyə ərazisindən nəqli üçün çəkiləcək TransAnadolu qaz kəməri ilə bağlı konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumunun imzalanması, əslində, səsləndiyindən dəfələrlə böyük əhəmiyyət kəsb edir. Bu kəmərlə ilkin mərhələdə 16 milyard kubmetr qaz nəql ediləcək ki, onun 6 milyardı Türkiyə, 10 milyardı isə Avropa üçün nəzərdə tutulub. Yeni qaz kəmərinin sahibi Azərbaycan olacağından Türkiyədən çıxışda satılacaq Azərbaycan qazının qiyməti Avropa istehlakçısı üçün cəlbedici, bizim üçün isə rəqabətə davamlı olacaq.
Azərbaycanın düz Avropanın göbəyinə kimi gedən qaz kəmərinə sahib olması həm də siyasi məna kəsb edir. Türkiyə ilə münasibətlər ən yüksək səviyyədə olsa da, bir-birimizə qardaş desək belə, biznes biznesdir. Və strateji ixrac məhsulumuzun satışını dostluq münasibətlərindən asılı qoymaq uzaq perspektivdə 100% zəmanətli deyildi. Ukrayna ilə Rusiya qardaş ölkələrdir, lakin bu dövlətlər arasında baş verən "qaz müharibələri" hamının yadındadır. Odur ki, öz qazımızın elə öz kəmərimizlə Avropaya çatdırılması ilə rəsmi Bakı özünü mümkün baş ağrılarından sığortalamış olur.
O ki qaldı Avropanın arzusu "Nabucco"ya, Azərbaycan bu layihədən imtina etməyib. "Nabukko", ITGI və TAP və ya hansısa digər yeni layihə olsun,Türkiyənin çıxışına kimi qazı özümüz gətiririk. Türkiyənin çıxışından isə qazın nəqli artıq Avropanın dərdidir. Üstəlik, yeni qaz kəmərinin buraxılış gücü gələcəkdə artırıla bilər. Əgər nə vaxtsa Avropa Türkmənistanı razı salıb onun qazını köhnə qitəyə istiqamətləndirə bilsə və Transxəzər qaz kəməri tikilsə, Azərbaycan türkmən qazının öz kəməri ilə nəqlindən əlavə gəlir də əldə edəcək. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində yalnız qaz hasilatçısı kimi yox, həmçinin tranzit və daşıyıcı kimi rol oynayacaq. Bu isə Bakının sözünün kəsərini artıracaq.
|