Azərbaycan iqtisadi azadlığa görə dünyanın 179 ölkəsi arasında 91-ci yeri tutur. "Azadlıq" radiosu xəbər verir ki, "Heritage" Fondu və "Wall Street Journal" 2012-ci ilin İqtisadi Azadlıq İndeksini açıqlayıb.
Ümumilikdə İndeksdə ölkənin durumu biznes, ticarət, fiskal və monetar siyasət, investisiyalar, maliyyə, əmək sahələrinin azadlığı, korrupsiyanın durumu, dövlət xərclərinin ÜDM-də yeri və mülkiyyət hüquqlarının təminatına görə qiymətləndirilib.
Bütün bu göstəricilər üzrə 179 ölkə arasında ən yaxşı göstərici Honq-Konqda qeydə alınıb. Sinqapur, Avstraliya, Yeni Zelandiya və İsveçrə ilk 5-likdəki digər ölkələrdir.
Azərbaycan İqtisadi Azadlıq İndeksində 58.9 balla 91-ci yeri tutur. Ötən illə müqayisədə Azərbaycan 0.8 bal az toplayıb. Səbəbi isə, dövlət xərclərinin ÜDM-dəki payının artması və biznes sərbəstliyin azalmasıdır.
İqtisadi Azadlıq İndeksində Azərbaycan 58.9 balla qonşularından ancaq İran (42.3) və Rusiyadan (50.5) öndədir. Ancaq Cənubi Qafqaz dövlətləri arasında Azərbaycan həm lider Gürcüstandan (69.4), həm də Ermənistandan (68.8) geridədir. Ayrı-ayrı parametrlərlə götürəndə, Azərbaycan Ermənistandan ancaq əmək azadlığı və monetar azadlıqlarda, Gürcüstandan isə dövlət xərclərinin ÜDM-ə nisbətində yaxşı durumdadır. Türkiyə (62.5) ilə müqayisədə Azərbaycanda biznes azadlığı, fiskal azadlıq, hökumətin xərcləri, monetar azadlıq, əmək azadlığı üzrə daha yaxşı durumdadır.
Azərbaycan bütün qonşuları arasında İrandan sonra mülkiyyət hüquqlarının ən pis qorunduğu yer kimi də hesabata düşüb. İqtisadi Azadlıq İndeksinə əsasən, Gürcüstan 34-cü, Ermənistan 39-cu, Rusiya 144-cü, İran - 171-ci yerdədir.
Hesabat müəllifləri yazır ki, Azərbaycanda aparılan islahatlar iqtisadiyyatın nizamlanmasında səmərəliliyin və iqtisadi şaxələnmənin artmasına, makroiqtisadi və sahibkarlıq mühitindəki müsbət dəyişikliklərə səbəb olub. Yeni vergi islahatları ölkənin beynəlxalq ticarətə və xarici investisiyalara daha açıq olmasına və ölkənin normal bazar münasibətlərinə daha da yaxınlaşmasına kömək edib.
Hələ görüləsi çox iş var. İqtisadi azadlıqların möhkəmlənməsi üçün daha dərin struktur və sistem islahatlarına ehtiyac var. Mülkiyyət hüquqları və korrupsiyadan azadlıq sahəsində durum hələ də ağırdır. Hökumətin müdaxilələri və nəzarəti monetar sabitlik və xarici investisiyalara təhlükədir. Qanunvericilik islahatları yavaş gedir və bu da əvvəlki əldə olunan bir sıra nailiyyətlərin itirilməsinə səbəb olub.
|