Azərbaycanlı futbolçu Vaqif Cavadov 2 illik fasilədən sonra yenidən "Qarabağ"a qayıdıb. Rusiyanın "Volqa" klubuna lazım olmadığı üçün Nijni-Novqorod təmsilçisinin təşəbbüsü ilə müqaviləsi pozulan 23 yaşlı hücumçu Qurban Qurbanovun başçılıq etdiyi Ağdam komandasına keçib. Hücumçu klubun təlim-məşq toplanışında olduğu Antalyada komandasına qoşulub.
Rusiya klubunun mətbuat xidmətinin rəhbəri Sergey Kozunovun bu baradə açıqlamasında deyilir ki, azərbaycanlı hücumçu ilə anlaşma qarşılıqlı razılıq əsasında, amma məhz "Volqa"nın təşəbbüsü ilə pozulub. Kozunovun sözlərinə görə, Cavadov rəhbərliyin qərarını anlayışla qarşılayıb.
Vaqif "Qarabağ"ın rəsmi saytına verdiyi açıqlamasında karyerasının yeni səhifəsini belə dəyərləndirib:
"Əslində bunu yeni transfer kimi qiymətləndirmək olmaz. 17 yaşım olanda "Qarabağ" mənə sahib çıxmışdı. "Qarabağ"da 3 il gözəl anlar keçirmişdim. Təəssüf ki, "Tvente" macərası məndən asılı olmayan səbəblərə görə alınmadı. Ağır zədə almağım vəziyyəti çətinləşdirdi. Amma cəmi 22 yaşım var. Gələcəyim hələ qabaqdadır. "Qarabağ"da hələ bitməyən işim var. Bu komanda mənə çox doğmadır. "Tvente"yə gedərkən mütləq "Qarabağ"a qayıdacağımı demişdim. Hətta başqa komandalarda oynayanda belə "Qarabağ" mənim üçün xüsusi olub. "Qarabağ" mənim üçün mənəvi bağlarla yanaşı, başqa amillərə görə də uğurludur. Çünki oyun üslubumun "Qarabağ"a uyğun gəldiyini düşünürəm. Burda futbol üçün hər şey var. Hətta "Volqa"da oynayarkən ruslara verdiyim müsahibədə "Qarabağ"da futbolu bilən rəhbərliyin, əla kollektivin və güclü baş məşqçinin olduğunu bildirmişdim. Belə də ikinci evimə qayıtmışam".
Xatırladaq ki, Hollandiyanın "Tvente" klubunda möhkəmlənə bilməyən futbolçu ötən mövsüm "Bakı"nın heyətində çıxış etmişdı. Cavadov 2007-2009-cu illərdə oynadığı "Qarabağ"la 2,5 illik müqavilə imzalayıb.
|