AFFA Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı üçün könüllülərin axtarışına başlayıb. Təşkilatın məlumatına görə, hər bir FİFA çempionatı kimi, Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatını da könüllülərin iştirakı olmadan təşkil etmək mümkünsüzdür. Onların məqsədyönlülüyü, yardımsevərliyi və dostcanlılığı dünyanın dörd bir tərəfindən gəlmiş fanatların yaddaşına müsbət və unudulmaz xatirələr həkk edəcək.
Plana əsasən, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün də Yerli Təşkilat Komitəsinə köməklik göstərə bilərlər.
Qeyd edək ki, könüllülük proqramının bir sıra özəllikləri vardır. Belə ki, könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoymadan formalaşdırılacaqdır. Beynəlxalq könüllülər komandasına üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dili bacarığının olması ilkin şərtlərdəndir.
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs linkə keçid edərək daha ətraflı məlumat əldə edə bilər.
|