Dünən qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Bakı vaxtı ilə saat 17:30-da baş tutan tədbirdə Azərbaycanın "Rabitə" və "Azərreyl" klublarının rəqibləri müəyyənləşib.
Təmsilçilərimiz 1/8 finala qrup ikincisi kimi yüksəlsələr də, onların hər ikisi birinci səbətdə yer alıb. Burada onlarla yanaşı, 5 qrup qalibi və ən yaxşı nəticəyə malik 3-cü qrup ikincisi "Skavolini" də (İtaliya) qərarlaşmışdı.
Qrup mərhələsini 3-cü yerdə başa vurmuş komandalar isə ikinci səbətin əsasını təşkil edirdilər. Bu beşliklə yanaşı, qrup ikincisi olan digər 2 komanda - "Əczacıbaşı" (Türkiyə) və "Atom" (Polşa), ən yaxşı sonuncu kimi pley-offa yüksələn "Modranska" (Çexiya) klubları da bu səbətdə yer almışdı. Məhz bu 8 klub da təmsilçilərimizin potensial rəqibləri idi.
Beləliklə, püşkatmanın nəticələrinə əsasən, "Rabitə" Polşanın "Atom", "Azərreyl" isə İsveçrənin "Volero" komandası ilə qarşılaşacaq.
Yeri gəlmişkən, iki gün öncə qadın voleybolçular arasında "Çelenc Cup" turnirinin 1/16 final mərhələsinin oyunlarına da yekun vurulub və yarışın baş mükafatı uğrunda mübarizəni davam etdirəcək komandaların adları bəlli olub. Mərhələ adlayan komandalar arasında iki təmsilçimiz - "Lokomotiv" və "Bakı" klubları da var.
Azərbaycan klublarının "Çellenc Cup" kubokunda 1/8 final mərhələsindəki rəqibləri də müəyyənləşib. 1/16 final mərhələsində Xorvatiyanın "Split" klubunu hər iki oyunda darmadağın etməklə mərhələ adlayan "Lokomotiv" bu dəfə Serbiya klubu ilə qarşılaşacaq. Belə ki, "dəmiryolçular" Belqrad şəhərini təmsil edən "Vizura" ilə üz-üzə gələcəklər. Komandamız bu mərhələdə ilk oyunu 31 yanvar - 2 fevralda Bakıda, cavab görüşünü isə bir həftə sonra Serbiyada keçirəcək.
1/16 finalda Kiprin "Apollon" komandasını mübarizədən kənarlaşdırmış "Bakı" isə eyni aqibəti bu dəfə Xorvatiya təmsilçisinə yaşatmalıdı. Belə ki, paytaxtın eyniadlı təmsilçisi 1/8 finalda "Rijeka" ilə qarşılaşacaq.
|