Bu həftə ölkəmizin bir sıra dövlət və qeyri-hökumət strukturlarına aid internet saytları dağıdıldı. "İslam" adı altındakı kiberhücumun siyasi-ideoloji dəst-xəttindən onun İran tərəfdən gəldiyi ehtimalı güclüdür.
İranın rəsmi informasiya vasitələri ölkəmizi "İsrailin bazası" kimi təbliğ edir. İddia edirlər ki, MKİ, "Mossad", "Mİ-6" 5 qonşu ölkənin İranla sərhədi boyu ölkəyə qarşı terrorçu qruplarla birgə fəaliyyət göstərir. Guya bu kəşfiyyat orqanları həmin dövlətlər üzərindən İslam Respublikasına qarşı casusluq fəaliyyəti aparmaqdadır, guya bu kəşfiyyat qurumları İran daxilində terror təlimləri verir, vətəndaşlara qarşı sui-qəsd planlaşdırırlar. Guya MKİ, "Mossad", "Mİ-6" İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan Respublikasında casusluq qurğuları yerləşdiriblər.
Əli Xamneyinin Ərdəbildəki nümayəndəsi höccətülislam Seyid Həsən Amili şəhər cümə namazının xütbələrindən birində ötən ilin yanvarında terror qurbanı olmuş İranın nüvə alimi Əli Məhəmmədini terror edən şəxsin guya bizim ölkədə təlim keçdiyini iddia etmişdi. Son zamanlarda İran rəsmilərinin çıxışlarında "virtual vasitələrə" bir allergik münasibət olduğu duyulur.
İran niyə ölkəmizə qarşı bu qədər qəzəblidir? Ona görə ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri bizə "böyük qardaşlıq" etməyə çalışır, lakin İranın Güney Azərbaycan türklərinə qarşı yürütdüyü mənfur assimilyasiya sirr olmadığından Bakı Tehrandan uzaq durmağı lazım bilir.
Niyyətinin baş tutmadığını görüb, Xomeyninin "islam inqilabı" doktrinasını transformasiya etmək məqsədi ilə Azərbaycan Respublikasından gəncləri şirnikləndirərək İrana apardı. Onları öz ölkəsinə qarşı hazırlamağa başladı. Bundan başqa, ölkəmizin bölgələrində oxşar fəaliyyət göstərməklə vətəndaşlarımızı öz dövlətinə qarşı təhrik etməyə başladı.
Lerik, Lənkəran, Masallı, Cəlilabad və başqa sərhədyanı rayonlarında narkomaniyanın yayılmasına birbaşa rəvac verdi. O bölgələrdə analar İrana qarğış edirlər. Dağılan ailələr, narkomaniyanın məhv etdiyi gənclərin günahı İslam Respublkasının boynundadır.
İran rəsmiləri unudurlar ki, biz qonşuluq xatirinə İrana qarşı beynəlxalq sanksiyalara qoşulmuruq. Bunu burada xatırlamaq yerinə düşərdi. 2011-ci ilin mart-dekabr ayları ərzində İrandan Azərbaycana 337 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub. Bu, 2010-cu ilin uyğun dövrü ilə müqayisədə 22 faiz çoxdur. Bu il isə bu rəqəm 450 milyon dollara çata bilər.
İrandan Azərbaycana sement, kafel, şüşə, kənd təsərrüfatı məhsulları, ərzaq malları, o cümlədən kartof, tomat, meyvə, meyvə şirəsi, şokolad məmulatları, təmizləyici tozlar, sənaye yağı, sənaye və kimyvi məhsullar göndərilib. İrana isə Azərbaycandan oduncaq, dəmir, polad ərintisi, metal profillər, heyvan yemi aparılır. Bundan başqa, hər iki taydan sərhədyanı rayonların əhalisi "zənbil alveri" edib. Bütün bunlar dünyanın İrandan üz döndərdiyi bir halda...
Çox qəribədir ki, İran tərəfindən danışanlar ölkəmizdə dini tolerantlığı da özünəxas şəkildə qısqanır, hətta islam təriqətləri arasında nifaq salmağa çalışırlar. Xatırlayırıqsa, bu yaxınlarda prezident İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Məsəlmanları İdarəsinə və 20 qeyri-islam təmayüllü dini icmaya dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verib. Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, 20 qeyri-islam təmayüllü icmaların hamısına isə toplam 400 min manat vəsait ayrılıb. İki bəhai icması (sayları 1000 nəfər deyil) öz mülahizələri ilə bu vəsaitdən imtina etdiyindən, 400 min manat 18 qeyri-islam təmayüllü icma arasında bölüşdürülüb.
Elə də böyük məbləğ deyildi. Lakin varını verən utanmaz - deyiblər. Paho... İranın ölkəmizə qarşı əks-təbliğat aparan informasiya vasitələri nələr danışmadılar. "Yəhudilərin və bəhailərin fəaliyyətləri xalqın vergiləri əsasında təmin olunur", "müsəlmanların isə öz məzhəbi mərasimlərini icra etməyə icazələri yoxdur" (kiməsə hardasa zəncir vurmağa icazə verilməyib, Ruhani İdarəsi tövsiyə etmirdi)...
Adamdan soruşan gərək: 35 milyondan çox İran türkü İran İslam Respublikasının dövlət büdcəsinə vergi vermirmi?! Özünü "məzlumların himayəçisi" sayan İslam Respublikası rəhbərliyi onların vergi kimi ödədiyi puldan ana dilində tədris üçün nə əcəb bir qəpik belə ayırmır. Bunu tələb edəni isə "pantürkist" ittihamı ilə həbsxanalara salıb, orta əsrə xas işgəncələrə məruz qoyurlar...
|