Yanvarın 18-də Alman Jurnalistlər Birliyi Berlin "Bərabər imkanlar ixtisaslaşmış komitəsi"nin növbəti seçki iclasında Nuridə Atəşi yekdilliklə sədr müavini seçilib. Namizədliyi Birliyin rəyasət heyəti tərəfindən verilən N.Atəşi 1996-cı ildən Alman Jurnalistlər Birliyinin üzvü olmaqla, Almaniya P.E.N. mərkəzinin üzvü və eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin Almaniya və Avropa üçün ekskluziv nümayəndəsidir.
Nuridə Atəşi 16 illik Almaniyadakı mətbuat və mədəniyyət fəaliyyəti haqqında Rəyasət heyəti üzvlərinə və alman jurnalistlərə ətraflı hesabat verdikdən sonra 4 dildə yenicə çap olunmuş "Qafqaz amazonları"- Miflər arxasındakı gerçək tarix" kitabını və proyektini təqdim etdi. Birliyin "Bərabər imkanlar ixtisaslaşmış komitəsi" yalnız qadın və kişi arasındakı bərabərlik ideyasına deyil, dilindən, dinindən, irqindən, tutduğu vəzifəsindən asılı olmayaraq bütün insanlar arasında bərabərliyin qorunub saxlanılmasına xidmət edir. Komitənin əsas vəzifəsi Beynəlxalq Konqreslərin, Forumların, ixtisaslaşdırma təhsilartırma seminarlarının keçirilməsi və beynəlxalq medial dəyərlərin qorunub saxlanılmasına, təcrübə mübadilələrinin qlobal media dünyasında genişlənməsinə, şəbəkələnməsinə xidmət göstərməkdir.
Komitəyə sədr seçilən tanınmış alman fotojurnalist Simone Ahrend və digər toplantı iştirakçıları Nuridə Atəşinin müxtəlif ölkələrdə yaşaması, fəaliyyət göstərməsi və tədqiqat aparması ilə əlaqədar bu ölkələrin dilini, dinini, mədəniyyətini, tarixini və mətbuat problemlərini bilmə təcrübəsinin, onun öz sağlam mövqeyinin olmasının Alman Jurnalistlər Birliyi və yeni seçilmiş komitə üçün bir qazanc olacağını vurğuladılar.
Nuridə Atəşi öz növbəsində ona göstərilmiş olan bu etimadın alman və beynəlxalq mətbuat qarşısında böyük bir məsuliyyət olduğunu bildirdi, ona göstərilən bu etimad üçün təşəkkür etdi və indiyə qədər toplamış olduğu biliyini, təcrübəsini yeni seçildiyi komitə üçün bütün qüvvəsi ilə sərf edəcəyinə söz verdi.
|