Şəki rayonunun Kiçik Dəhnə kəndində eramızdan əvvəl II minilliyə aid 120-dən artıq kurqan məhv edilib. Bu barədə MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov bildirib (APA).
Arxeoloqun sözlərinə görə, Şəkinin Kiçik Dəhnə kəndinin Ağdərə deyilən ərazisində təxminən 100 ha ərazidə yerləşən kurqanlar məhv olunub. Halbuki 2006-cı ildə həmin kurqanlar Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qeydiyyata götürülüb, kurqanları qorumaq üçün onların üzərinə daşlardan nişangahlar qoyulub, ərazinin şumlanması qadağan edilib və oradan ancaq otlaq sahəsi kimi istifadə edilməsi qərara alınıb:
"Bu barədə Kiçik Dəhnə kəndinin həm bələdiyyəsinə, həm icra nümayəndəliyinə xəbər verilib. Eyni zamanda ərazinin fotosu çıxarılıb, Mədəniyyət şöbəsi bu əraziyə toxunmamaq üçün kəndin bələdiyyəsi və icra nümayəndəliyi ilə mühafizə müqaviləsi bağlayıb".
Nəsib Muxtarov deyib ki, sözügedən kurqanlarda aparılan kəşfiyyat işləri ərazidə 130-dan artıq kurqanın olduğunu sübut edib:
"Təəssüf ki, hazırda ərazi o dərəcədə şumlanıb ki, sanki burada heç vaxt kurqan olmayıb. Bu abidələr təkcə Azərbaycan tarixi üçün deyil, Ön Asiya, Cənubi Qafqaz tarixi üçün olduqca əhəmiyyət kəsb edirdi. Yalnız Hacınohur gölünə tərəf 2-3 kurqan, bir də bələdiyyə torpaqları ilə əhaliyə verilən pay torpaqları arasındakı sərhəddə bir neçə kurqan qalıb. Bu əraziyə də əkinə yararlı torpaq olmadığına görə toxunmayıblar. Yerli bələdiyyə və icra nümayəndəliyi 120-dən artıq kurqanın məhv olunmasına görə cavab verməlidirlər. Bu işi hətta ən ləyaqətsiz, insanlığa xor baxan insan da edə bilməzdi. Ərazidə şumlanma aparılması ilə bağlı mütləq Şəki İcra Hakimiyyətinə və yerli Mədəniyyət şöbəsinə məlumat verilməli idi. Mədəniyyət və Turizm Nazirliyi həmin ərazidə mühafizə zonası yaratmışdı, bu il bu zonanın yaradılması rəsmi təsdiq olunmalı idi".
Biz elə bir zəmanədə yaşayırıq ki, bu kimi cinayətə görə kiminsə məsuliyyət daşıyacağına adamın inanmağı gəlmir.
|