Akademik Milli Dram Teatrında üç tamaşanın məşqləri gedir. Teatrın mətbuat xidməti bildirir ki, bunlar "Don Juan və həndəsə", "Şekspir" və "Yaşlı xanımın gəlişi" tamaşalarıdır.
M.Frişin "Don Juan və ya həndəsəyə məhəbbət" əsəri əsasında hazırlanan "Don Juan və həndəsə" adlı tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Bu tamaşa Bakı auditoriyası üçün maraq kəsb etməlidir, ona görə ki, baş qəhrəman, bütün Qərb dünyasında məşhur olan Don Juan - əslən azərbaycanlı diplomat, İspaniyada qalmış Oruc bəy Bayatdır.
Tamaşanın quruluşçu rejissoru Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir. Bu tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan "GUAM-ın teatr məkanı" layihəsinin tərkib hissəsidir.
Premyera fevralın əvvəllərinə nəzərdə tutulur. Tamaşada xalq artisti Rafael Dadaşov (Don Qonsalo), əməkdar artistlər Əli Nur (Tenorio), Vəfa Rzayeva (Donna Elvira), Ayşad Məmmədov (Dieqo ata), aktyorlar Elşən Rüstəmov (Don Yuan), Nigar Güləhmədova (Miranda), İlahə Həsənova (Donna Anna), Elşən Cəbrayılov (Don Rodreqo), Şəlalə Şahvələdqızı (Selestina), Rövşən Kərimduxt (Don Baltasar Lores) və Aslan Şirinov (Lorerello) yer alırlar.
|