40-cı ilini qeyd edən İstanbul Kültür və Sanat Vəqfinin rəhbəri Bülənt Əczacıbaşının APA-ya müsahibəsi.
- Türkiyənin mədəniyyət sahəsində dövlət siyasətinin formalaşmasında təsirli rol oynayacağınızı deyirsiniz. İndiki hökumətin mədəniyyətə dair siyasəti ilə rəhbəri olduğunuz vəqfin gördüyü işlər arasında tərs mütənasiblik var. Hökumətin mədəniyyət sahəsində yürütdüyü siyasətin vəqfinizin fəaliyyətinə neqativ təsiri varmı?
- Məqsədimiz ölkənin mədəniyyət siyasətinə təsir göstərmək və yeni siyasətin formalaşmasına kömək etməkdir. 40 yaşlı vəqfimizin önəmli dərəcədə təcrübəsi və ölkənin mədəniyyət həyatına təsir göstərə biləcək güclü potensialı var. Biz bundan istifadə edərək ölkənin mədəniyyət həyatının inkişafına yardım edən raportlar hazırlatdırır, konfranslar keçirir, mədəniyyət tədbirləri təşkil edirik. Biz ictimai yerlərdə mədəniyyət tədbirlərinin cəmiyyətin inkişafındakı roluyla bağlı raportumuzu hazırladıq, indi isə İstanbuldakı sənət və mədəniyyət fondlarının gəlir əldə etmədən ölkənin mədəniyyət həyatına verdiyi töhfələrlə bağlı raportumuzu hazırlayırıq. Biz gördüyümüz işlərlə ölkənin mədəni həyatına dair qərar qəbul edənlərə dəstək veririk. Bizim təkliflərimizin nə qədər nəzərə alınıb-alınmayacağını bilmirik, bizim məqsədimiz bu işləri ortaya qoymaqdır.
- Bəzi festivallarda, mərasimlərdə ölkədə sənətə verilən dəyərin getdikcə azaldığına dair sənətkarların etirazlarını eşidirik...
- Sənətkarın etiraz etməsini təbii qarşılamaq lazımdır...
- O sənətkarlarla əlaqələriniz necədir? Məsələn, Ləvənt Kırca "Olacak o kadar" teatrını nümayiş etdirmək üçün TV kanalı tapa bilmir, qəzetdə köşə yazısı yazır. Sənətə münasibətdə yaranmış bu vəziyyətlə bağlı nə demək istərdiniz?
- Sənətin bütün sahələri və orada cərəyan edən proseslər bizim maraq dairəmizdədir. Gündəmə gələn bütün məsələlərlə bağlı öz mövqeyimizi bildiririk və bildirməyə davam edəcəyik. Ölkənin mədəniyyətə dair siyasəti üzərində mövqeyimizi daha da gücləndirəcəyik.
- Bir ölkənin cümhuriyyət qurması və demokratiyaya doğru irəliləyə bilməsinin əsas şərti cəmiyyətin mədəni səviyyəsinin yüksək olmasıdır. Azərbaycan 28 may 1918-də cümhuriyyət elan edərkən o mərhələyə 70 illik maarifçilik və mədəniləşmə prosesi yaşayaraq gəlmişdi. Dramaturgiya, teatr, müasir təhsil, opera və s. baxımından Azərbaycanla Türkiyənin cümhuriyyətə doğru irəliləmə yolları arasında ciddi fərq var. Bu baxımdan Azərbaycanla nələrisə bölüşə bilirsinizmi?
- İstanbul Kültür və Sənət Vəqfinin xaricdə gördüyü işlər var. Azərbaycan bizim üçün son dərəcə önəmlidir. Hələ ki Azərbaycanla əməkdaşlıq qura bilməmişik. Ancaq hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi müəyyənləşdirib Azərbaycanla bir an öncə ciddi işlər görmək istəyirik. Bu, bizim gündəliyimizdə olan bir məsələdir.
|