Milli Məclisin Mədəniyyət komitəsinin parlamentin qarşıdakı yaz sessiyasında xeyli müzakirə edəcəyi sənəd var. Bu barədə mətbuata açıqlamasında sözügedən komitənin sədri Nizami Cəfərov danışıb.
Komitə sədrinin qeyd etdiyinə görə, komitədə "Mədəniyyət haqqında" qanuna yenidən baxacaqlar:
"Komitəmiz Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu qanunu yenidən işləyib. Yaz sessiyasının plenar iclasları başlamazdan öncə biz bu məsələni komitədə geniş müzakirə edəcəyik".
Nizami Cəfərov onu da bildirib ki, bundan başqa, "Muğam sənəti haqqında" qanun layihəsini ötən ilin payız sessiyası zamanı plenar iclasa tövsiyə ediblər:
"Aşıq sənəti haqqında" da qanun layihəsi hazırlanır. Bu da maraqlı məsələlərdən biridir. Azərbaycanın böyük mədəniyyət mərkəzləri barədə də qanun layihəsi hazırlamağı düşünürük. Eyni zamanda, adlar və soyadlar məsələsinə yenidən qayıtmaq niyyətimiz var. Bu məsələni müzakirə edəcəyik".
|