Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Magistr" xüsusi buraxılışının 1-ci sayında 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını dərc edib. Bu barədə məlumatı AYNAya TQDK mətbuat xidmətindən veriblər.
Buraxılışda magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə materiallar təqdim olunur. Bunlar ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələridir. Yəni açıq test tapşırığı nümunələri, xarici dillər üzrə qəbul imtahanı proqramları və informatika üzrə qəbul imtahanı proqramıdır. Magistratura ixtisaslaşmaları üzrə qəbul proqramları və ixtisaslaşma seçimi cədvəlləri jurnalın növbəti sayında dərc olunacaq.
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılır. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidir (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək). Xarici dil kimi Azərbaycan bölməsi bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsi bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir.
Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbulda bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.
Qaydalara əsasən, ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Bu tipli test tapşırıqlarının nümunələri də jurnalda təqdim olunub. Bakalavrlar qəbul imtahanında iştirak üçün TQDK rəsmi internet saytında təyin olunacaq vaxtda "Bakalavrın elektron ərizəsi"ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
TQDK sədr müavini Namiq Babayev imtahanlarla bağlı qaydaları izah edir:
"Əvvəlki illərdə, qəbul qaydalarına əsasən, bakalavrlar birinci mərhələnin imtahanlarını verdikdən sonra ikinci mərhələdən əvvəl magistr proqramlarını, daxil olmaq istədikləri ixtisasları, o cümlədən ali məktəbləri seçirdilər. Bu il tətbiq olunan yeni qadalara əsasən, bakalavrlar birinci mərhələ imtahanını verdikdən sonra ikinci mərhələ imtahanından əvvəl daxil olmaq istədikləri magistr proqramını seçəcəklər. Magistraturaya imtahanın ikinci mərhələsindən sonra isə uğur qazanan bakalavrlar müvafiq ixtisasları və ali məktəbləri seçəcəklər".
Cari tədris ili üçün magistratura pilləsinə sənəd qəbulu fevralın əvvəlindən başlanır. Namiq Babayev deyir ki, sənəd qəbulunu fevralın sonuna yaxın yekunlaşdırmaq planlaşdırılır:
"Fevralın sonunda isə magistraturaya qəbul imtahanlarının ilk mərhələsini keçirmək nəzərdə tutulur. İmtahanın ikinci mərhələsi isə iyunun sonunda olacaq, çünki biz gözləməliyik ki, sənəd verənlər ali məktəbin bakalavr pilləsini bitirsinlər".
Magistraturaya plan yerlərinin sayı da ötənilki kimidir. Bu il də magistratura üçün 5000-dən çox plan yeri ayrılıb. N.Babayev deyib ki, ali məktəblərdə yeni magistr ixtisasları da yaradılıb. "Yeni ixtisasların bəzilərinə bu ildən, bəzilərinə isə növbəti ildən qəbul planlaşdırılır". TQDK bu il magistraturaya sənəd qəbulu zamanı elektron imzanın tətbiqini nəzərdə tutur.
|