Prezident İlham Əliyev Qəbələ RLS-in icarəsi üzrə danışıqlarda iştirak edəcək milli qrupu təsdiqləyib. İ.Əliyevin Ədliyyə Nazirliyinin Dövlət Aktlarının Dövlət Reyestrində yerləşdirilən sərəncamı 2011-ci il dekabrın 30-da verilib ("Turan").
Sərəncama əsasən, baş nazirin birinci müavini Yaqub Eyyubov milli danışıqlar qrupuna başçılıq edəcək. Qrupun tərkibinə müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, daxili işlər nazirinin müavini Oruc Zalov, vergilər nazirinin müavini Sahir Məmmədxanov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, MTN baş idarəsinin rəisi Nizami Şirinov və Qəbələ rayon İH başçısı Səbuhi Abdullayev daxildir.
Qrupa tapşırılıb ki, Qəbələ RLS-in statusu, icarə prinsipləri və istifadəsi məsələlərini vaxtında Rusiya ilə razılaşdırsın.
Qəbələ RLS-in statusu, prinsipləri və istifadə şərtlərinə dair 10 il müddətinə razılaşma radiolokasiya stansiyası üçün informasiya-analitik mərkəz statusunu nəzərdə tutur və onu Azərbaycanın mülkiyyətinə aid edir.
Rusiya hər il Azərbaycana RLS-in icarəsi üçün 7 mln. dollar ödəməlidir. Qüvvədə olan müqaviləyə əsasən, icarənin müddəti 2012-ci ilin sonunda bitir. ÿ
|