"Regionlarda İnsan Hüquqlarının Monitorinqi" ictimai birliyinin Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddia üzrə 1 saylı Bakı şəhər İnzibati-İqtisad Məhkəməsində məhkəmə prosesi cavabdeh tərəfin iştirak etməməsi səbəbindən təxirə salınıb. Növbəti proses 31 yanvara təyin olunub. Təşkilatın məhkəməyə müraciət etməsinə səbəb Ədliyyə Nazirliyinin heç bir hüquqi əsas olmadan "Regionlarda İnsan Hüquqlarının Monitorinqi" ictimai birliyini dövlət qeydiyyatına almaması olub. Bu haqda RATİ-nin Naxçıvan müxbiri, eyni zamanda ictimai birliyin sədri Elman Abbasov məlumat verib.
Hüquq müdafiəçisi deyib ki, təşkilatın sənədləri hüquqşünaslar tərəfindən hazırlanıb. Orda hansısa qüsur tapılması mümkün deyildi. Biz hüquqşünaslarla yenidən sənədlərə baxış keçirmişik və aydın olub ki, onların cavabının heç bir hüquqi əsası yoxdur. Cavab isə təəccüb doğurur. Çünki onların göstərdiyi çatışmazlıqlar təşkilatın nizamnaməsinin 5.13-cü bəndində qeyd olunub".
"Regionlarda İnsan Hüquqlarının Monitorinqi" ictimai birliyi 2010-cu il may ayının 5-də təsis olunub. Təsis olunduqdan dərhal sonra sənədlər dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə göndərilsə də, nazirlikdə dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz sənədlərin içərisindən götürülərək yox edilib və bunu bəhanə edərək nazirlik sənədləri geri qaytarıb. Qeyd olunan natamamlıq düzəldildikdən sonra ictimai birliyin sənədləri yenidən nazirliyə göndərilib. Dəfələrlə müraciət olunmasına baxmayaraq, nazirlik təsisçilərin təşkilatın qeydiyyatdan geçib-keçməməsi ilə bağlı sorğularını cavablandırmaqdan imtina edib. 8 oktyabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınması üçün ictimai birliyin sənədləri yenidən Ədliyyə Nazirliyinə göndərilib. Bu müraciətə də "yox" cavabı verilib.
|