Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri, Bakıda Nəqliyyatın İntellektual İdarəedilməsi layihəsinin rəhbəri Sədrəddin Məmmədov kütləvi informasiya vasitələrində layihənin uğursuz alınması, iflasa uğraması kimi xəbərlərə münasibət bildirib. Bu barədə açıqlama verən S.Məmmədov narahatlığa heç bir əsasın olmadığını bildirib:
"Hazırda məlumatlar 2 sistemdən alınır və indi 3-cü sistemin qoşulma prosesi həyata keçirilir. 3-cü sistem ən mühüm əhəmiyyət kəsb edir. Çünki mərkəz 3 sistemdən-mənbədən qidalanır, məlumat toplayır. 3-cü sistemin köməyi ilə əldə edilmiş digər məlumatlar fərqləndirilir və qiymətləndirilir. "Bakı şəhərində intellektual dəhşət" başlıqlı məlumatlar yayırlar. Bəziləri çox sevinir. Mən düşünürəm ki, nə qədər xalqın düşməni olasan ki, belə sevinəsən. Çox şükür ki, həmin insanların sevinməsinə heç bir əsas yoxdur. Bir çox xarici ölkə ekspertləri gəlib baxırlar və bildirirlər ki, dünyada bu səviyyədə müasir mərkəz hələ yoxdur. Çox ölkələrdə oxşar layihələr var, bu gəlib hamısını keçdi. Bizim bəzi insanlar isə özlərindən guya hansısa nasazlıq aşkarlayıblar və buna sevinirlər".
S.Məmmədov onu da bildirdi ki, bəzi səbəblərdən 30-a qədər avtobus dayanacağında informasiya terminallarının qoşulması ləngiyib və hazırda həmin dayanacaqlarda iş davam etdirilir. Ümumilikdə isə şəbəkənin yaxın 3 ay müddətində tam işlək vəziyyətdə fəaliyyət göstərməsi planlaşdırılır.
Qeyd edək ki, şəhərin müxtəlif yerlərində quraşdırılmış məlumat terminallarının ekranına müxtəlif səpkili reklam kağızları, saqqız, digər kənar əşyaların yapışdırılması kimi hallar da baş verir.
|