 |
Rusiyanın çağdaş siyasətində Putin deyil, Medvedev əsas fiqura çevrildi
Şənbə, 14.01.2012
|
|
Rusiya ali hakimiyyətində Vladimir Putinin 1998-ci ildən əsas fuqur olduğu barədə çoxsaylı mülahizələr səslənsə də, bu günün reallığı başqadır. Dərin dövlət tam başqa proseslərin yaşandığını açıq şəkildə ifadə etməsə də, ümumi gedişat modernləşmə üzərindədir. Bu gün Rusiyanın maraqları təkcə özünün coğrafi sərhədləri daxilində deyildir. Dünya siyasətinin daha dərin qatlarında bu dövlətin yerini bəlirləməyə hesablanmış addımlar atılması vacib sayılmaqdadır. Bu qlobal siyasət meydanında isə mühafizəkar düşüncəli Putinə yer yoxdur. Putin olsa-olsa indiki şəraitdə Rusiyadaxili anarxiyada ənənəvi nizam-intizamı qorumağa çalışacaq. Bundan artığına ümid edə bilməz.
Rusiyanın brandmeysteri kim?
19-cu yüzilin 40-cı illərində Avstriya, Almaniya və İsveçrədə yanğınsöndürmə komandaları brandmeyster adlanırdı. Sonralar bu vəzifə siyasi xarakter almaqla iyerarxiya statusu qazandı. İosif Stalin dönəmində brandmeyster siyasəti NKVD-nin nəzdində inkişaf etdirildi. Keçmiş SSRİ dağıldıqdan sonra Boris Yeltsin demokratiyası Rusiya hakim siyasətinin tərkib hissəsinə çevrilsə də, Çarlıq Rusiyası və Sovetlər Birliyinin coğrafi sərhədlərini itirən bu dövlətin yeni düzəndə hansı məcrada inkişaf edəcəyi sual altında qaldı. 1998-ci ilə qədər Kreml bu suallara cavab tapa bilmədi. Çünki hakimiyyət və rus xalqı ənənəvi imperiya təfəkküründən uzaqlaşa bilmirdi. Ona görə ki ölkənin brandmeysteri çatmırdı. Güc strukturlarının nəzarətində olmaqla ölkənin sərt rejimdə inkişaf modeli bu şərtlər daxilində gündəmə gəldi.
Çar Boris varis kimi Putinin taxta oturmasına imkan yaratdı. Çar Vladimir isə zopa siyasətinə arxalansa da, Rusiyanın daxili və xarici aləmdə çəkisinin artması yönündə hər hansı uğura imza ata bilmədi.
Putin hakimiyyəti dönəmində siyasi sabitlik hökm sürsə də, sosial-iqtisadi sahədə hər hansı uğur qazanmaq imkanları əldən verildi. Çar Vladimir bir tərəfdən Ana Yasa qanunlarını pozmaqdan qorxduğuna, digər yandan isə 3-cü dəfə prezident olmaq iddiasına görə geri addım atmalı oldu. Çünki milyonlarla acın, ağır və məşəqqətli sosial problemlərin məngənəsində boğulanların qarşısında deməyə sözü yox idi.
Bu səbəbdən iqtisadi təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri irəli çəkməyə üz tutdu. İqtisadi təhlükəsizlik və bunun hüquqi əsasları üzrə ən böyük mütəxəssislərdən biri kimi şöhrət qazanmış professor Dmitri Medvedev baş nazir, daha sonra isə prezident kürsüsünə gətirildi. 2008-ci ildən bu günə qədər Rusiyanın baş brandmeysteri rolunda çıxış edən Medvedev ondan tələb olunan irimiqyaslı sosial və iqtisadi uğurlara imza ata bilmədi. Bu dəfə isə Putinin yenidən çar taxtında oturması mövcud problemlərin daha da dərinləşməsinə səbəb olacaq.
Elə bunu nəzərə alan, dərin dövlət təməlinin əsas qoruyucu güclərindən biri olan Patriarx Kirill son məşhur bəyanatında Putinə müraciət edərək öncələrdən fərqli olaraq çox sərt şəkildə irəlidə ölkəni gözləyən daha ağır problemlərə işarə etmişdir.
Putinin brandmeyster rolunda bu dəfə necə hərəkət edəcəyi artıq bütün dərin çevrələrə bəllidir. Onun neoimperiya notları üzərində köklənmiş düşüncə tərzinin Rusiyanı ağır fəlakətlərə sürükləyəcəyinə heç kəs şübhə etmir və bütün siyasi çevrələr bunun fərqindədir. Daha ağır fəlakətlərin qarşısını almaq üçün müxalifət adına kütləvi etiraz hərəkatının başlanma səbəbi də bunda aranmalıdır. Gələcək brandmeyster isə hələ ki gözlənilən siyasi yanğınları, gözlənilən fəsadları görməzliyə vurur...
Gələcək baş nazir və spiker prezidentə qarşı
Dmitri Medvedev səmimi şəkildə dedi ki, mart 2012-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək. Baş nazir Vladimir Putin isə özünün 3-cü dəfə prezident seçilmək iddiasını ortaya qoydu. Mart seçkisindən sonra Medvedevin baş nazir olacağı təqdirdə, Putinin siyasi iradəsinin nəzarətə alınması, xarizmatik xarakterinə uyğun olaraq, hamıdan üstün görünmək iddiasının önünü kəsmək üçün artıq indidən müəyyən addımlar atıldı. Belə ki, Medvedevin prezident olduğu dönəmdə Kreml aparatının rəhbəri Sergey Narışkin 24 dekabr 2011-ci il Dövlət Dumasına seçkilərdən sonra bu qanunverici orqanın sədri vəzifəsinə seçildi. Bununla da faktik olaraq, Dövlət Duması Medvedevin nəzarətinə keçdi. Putin isə Dumadakı siyasi dayaqlarını faktik olaraq itirmiş durumdadır.
Siyasi müşahidəçilərin fikrincə, ali qanunvericilik orqanının və baş nazir hakimiyyətinin tandem təşkil etməsi Putinin hüdudsuz hakimiyyət səlahiyyətinin qarşısını almaq üçün ən ciddi faktora çevriləcəkdir. Əksər mütəxəssislərə görə, Putin hakimiyyətin ən yüksək eşelonunda daha çox ötən yüzilin 60-70-ci illər Leonid Brejnev epoxasının ənənələrini bərpa etmək istəyir. Belə ki, bundan sonra qanunla yenidən iki dəfə seçilmək hüququndan istifadə etməklə Putin 72 yaşına qədər ölkə prezidenti olaraq qala bilər.
Politoloq İqor Yurgens düşünür ki, Rusiyada "maraqların toqquşması" (mühafizəkarlar və islahatçılar) savaşı bundan sonra da davam edəcək. Bu, Putin və Medvedevin komandaları arasındakı rəqabətin nəticəsində baş verir. İrəli Rusiya Hərəkatının lideri Çernovikin fikrincə, öncələr biznes dairələri və siyasətçilər Putin və Medvedevə məxsus komandalar arasında normal münasibətləri qorumağa çalışırdılar. İndi isə onlar fərqli düşünürlər. Belə ki, onlar Putinin prezident seçiləcəyi təqdirdə, bürokratik əngəllərin və problemlərin qanunla tənzimlənmə siyasəti əvəzinə, dözülməz şəraitin yenə də davam edəcəyindən ehtiyatlanmağa başlayıblar. Bunu nəzərə alaraq, Duma və baş nazir kürsüsünün Medvedevə məxsus komandanın nəzarətinə keçməsindən bir qədər məmnun olduqlarını da gizlətmirlər.
Onların fikrincə, hakim Vahid Rusiya Partiyası olaraq, burada Medvedev tərəfdarlarının mövqelərini daha da gücləndirmək üçün açıq hərəkətə keçmək zamanı çatmışdır. Bu zümrəyə görə modernləşmə və liberallaşma, kadrların gəncləşdirilməsi və rüşvətxorluğun qarşısının alınması ölkənin qurtuluş yoludur. Belə bir siyasət kommunistlərlə yanaşı Qərb dairələrinin də çox xoşuna gələr.
Qərb analitiklərinin fikrincə, Putinin yenidən güc nazirliklərinə arxalanmaqla və onların təzyiqləri altında biznes və maliyyə dairələrini nəzarətə götürməsi bütün yeni ideyaların məhvinə səbəb olacaq. Ölkənin ağır sosial problemlərdən qurtuluş yolunu isə Putin hələ də öz proqramında açıqlamayıb. Ən təhlükəli görünən hal odur ki, Putin öncələr olduğu kimi, intellektual resursları qəbul etmək fikrində deyil..
|
|
|
Oxşar xəbərlər:
Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub
Etimad İsmayılov 9 il iş aldı
Ermənistan dünyanı aldadır
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"
|
|
|