"Viza rejimi sadələşdirildikdən sonra Azərbaycan vətəndaşlarının kütləvi şəkildə Avropaya miqrasiya edəcəyini düşünmürəm. Azərbaycanın başqa ölkələrdə Avropaya miqrasiya üçün tranzit ölkə rolunu oynaması isə başqa məsələdir".
Bu sözləri jurnalistlərə açıqlama verən Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Roland Kobia deyib. O bildirib ki, Azərbaycandan Avropaya kütləvi miqrasiyanın olmayacağı ehtimalı yüksəkdir:
"Azərbaycan əhalisi o qədər də çox deyil və vətəndaşlar ölkədə həyat səviyyəsindən razıdırlar. Lakin Azərbaycanın miqrasiya üçün tranzit ölkəyə çevrilə biləcəyi Bakıda keçiriləcək danışıqlarda müzakirə olunacaq. Çünki biz həmçinin readmissiya barədə də danışıqlar aparacağıq. Readmissiya onu nəzərdə tutur ki, Avropa Birliyi ərazisinə qanunsuz miqrasiya etmiş heç də bütün qeyri-Azərbaycan vətəndaşları Azərbaycan tərəfindən öz ölkələrinə qaytarılmayacaq. Danışıqların başa çatması siyasi iradənin ortaya qoyulmasından asılıdır. Gürcüstanla viza rejiminin sadələşdirilməsi və readmissiya danışıqları cəmi ilyarım çəkdi. Orada bu barədə qərar qəbul etmək üçün siyasi iradə vardı. Əgər Azərbaycanda da belə bir iradə olsa, biz yekun qərara gələ bilərik".
Roland Kobia Azərbaycan hökumətinin viza rejiminin sadələşdirilməsinə dair danışıqları tez bir vaxtda yekunlaşdıra biləcəyinə ümid etdiyini də deyib:
"Ümidvaram ki, Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqları tez bir vaxtda yekunlaşdıra biləcəyik və o zaman Azərbaycan vətəndaşları Avropaya daha asanlıqla səyahət edə biləcəklər".
O, danışıqların fevralda keçiriləcəyi xəbərini təsdiqləyib. Səfir qeyd edib ki, bu məqsədlə Bakıya gələcək AB nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələlik məlum deyil:
"Biz başa düşürük ki, viza rejiminin sadələşdirilməsi Azərbaycan vətəndaşlarının çoxdan gözlədiyi məsələlərdən biridir".
|