Rəqsanə və ailəsi bayram günlərini təzyiq, qorxu içində yaşayıb. Sənətçi narahatlığını bizimlə bölüşdü. Eyni zamanda aidiyyəti orqanların yardımına ehtiyac duyur:
"Neçə gündür Fərid və Faiq Ağayev qardaşları məni və ailəmi dəhşətli dərəcədə narahat edir. Bizə evdə rahat oturmağa imkan vermirlər. Müxtəlif təzyiqlərə məruz qalırıq. Anamın yolda qarşısını kəsib hədələyirlər. Bacım uşağına təzyiq göstərməyə çalışıblar. Bundan əvvəl isə onu oğurlamaqla bizə zərər yetirməyə çalışıblar. Üstümüzə silaha qədər çəkiblər. Rahat yaşamağa imkan vermirlər. İstədikləri nədir, bilmirəm. Təhlükəsizliyimizin təminatı məqsədi ilə dəfələrlə Nərimanov Rayon Prokurorluğuna, 16-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Amma hər dəfə bayram və bu kimi məsələlər bəhanə gətirilir və müraciətim cavabsız qalır. Bizi bu duruma düşürən insanların cəzalandırılmasını istəyirik. Bu insanlar həyatımızla oynayırlar. Evə qədər gəlib, bizi narahat edirlər. Anamın qorxudan şəkəri sürətlə qalxdı, vəziyyəti çox pis idi. 102 xidmətinə zəng etdim ki, gəlib vəziyyəti gözləri ilə görsünlər. Yenə şikayətimə baxılmadı".
Rəqsanənin daha bir şikayəti keçmiş prodüseri ilə bağlı oldu. İddia edir ki, keçmiş prodüser facebook, odnoklassniki səhifələrində qızının adından səhifə açaraq kişilərə mesajlar yazır. Eyni zamanda anasının mobil nömrəsini internetə yerləşdirir. Övladının bu cür təhqir olunmasını həzm etməyən sənətçi təzyiqlərə son qoyan bir ünvan axtarır.
Xatırladaq ki, Rəqsanə bir müddət əvvəl sözügedən Fərid Ağayevlə münasibəti olduğunu və bu münasibətin saf sevgi üzərində qurulduğunu bəyan etmişdi. Amma az sonra onlar ayrıldılar. O vaxtdan sənətçi adını hallandırdığı insan tərəfindən müxtəlif təzyiqlərə məruz qaldığını bəyan edir.
|