"Biz özümüz də Gəncənin futbolsuz qalmasını istəmirdik"
 |
\"Kəpəz\"in prezidenti Elmir Əliyev hazırkı durumdan və problemlərdən danışdı
Şənbə, 14.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
Ötən ilin son günlərində Gəncənin "Kəpəz" komandasının buraxılması xəbəri futbol ictimaiyyətində çaşqınlıq yaratdı. Neçə illərdən sonra, nəhayət, 2010-cu ildə "Kəpəz"in yenidən böyük futbola qayıtması nə qədər böyük sevincə səbəb olmuşdusa, bu dəfə komandanın dağılması xəbəri bir o qədər də təlaş yaratdı.
Yaxşı ki, Azərbaycanın futbol həyatında çox böyük rolu olan Gəncə bu dəfə futbolsuz qalmadı. AFFA, futbol ictimaiyyəti və klub rəhbərliyinin səylərindən sonra komandanın dağılmaq təhlükəsi aradan qalxdı.
"Kəpəz"in prezidenti Elmir Əliyev "azerisport.az" saytına müsahibəsində komandanın hazırkı durumundan və problemlərdən söz açıb. Müsahibəni ixtisarla AYNA oxucularına təqdim edirik.
- Artıq əminliklə demək olarmı ki, "Kəpəz"in problemləri arxada qaldı?
- Komandanın çempionatdakı çıxışını davam etdirəcəyi dəqiqdir. Yeni sponsorla danışıqlarımız müsbət yekunlaşıb. Bu danışıqlarda həmçinin Milli Məclisin deputatı Xanlar Fətiyev də iştirak etdi. Sponsorumuzun vədinə görə, komandanın maliyyə baxımından problemi olmayacaq. "Kəpəz" əvvəlki kimi yaxşı maliyyə dəstəyinə malik olacaq. Biz çox şadıq ki, Gəncə böyük futbolsuz qalmayacaq.
- Son hadisələrin yenidən təkrarlanmaması nə dərəcədə inandırıcıdır?
- Bu hadisələr təkrarlanmayacaq. Biz özümüz də Gəncənin futbolsuz qalmasını istəmirdik. "Kəpəz" Premyer Liqada normal çıxış edir. Bu problemin həlli üçün əlimizdən gələn hər şeyi etdik. Bir sıra insanlar da çox köməklik etdilər.
Ən əsası odur ki, Gəncədə futbol olacaq. İndi mətbuat da bizə kömək etməlidir ki, normal komanda yaradaq. Mətbuatın dəstəyi olmadan çox çətindi.
- Yeri gəlmişkən, mətbuatda belə bir iddia səslənir ki, "Kəpəz"in yeni baş məşqçisi Yunis Hüseynov olacaq...
- Hamımızın Yunis Hüseynova böyük hörmətimiz var. O, istedadlı məşqçidir. Amma onun "Kəpəz"ə gələcəyinə dair informasiyalar həqiqət deyil. Hərdən jurnalistlər heç bir əsası olmayan xəbərlər də yayırlar. Hüseynovun namizədliyi də gözdən keçirilməyib.
- Komandaya kim rəhbərlik edəcək?
- Baş məşqçi Fuad İsmayılov olacaq. Ona Xaliq Mərdanov kömək edəcək. Biz tez zamanda formalaşmış heyət qurmaq istəyirik. Hazırkı heyətdə müəyyən dəyişikliklər olacaq. Gedənlərin yerinə yeni gənc futbolçular dəvət edəcəyik. Bundan sonra daha çox yerli futbolçulara üstünlük verəcəyik. "Kəpəz" artıq ilk altılıqda oynamaq şansını itirib. Ona görə də qoy ikinci altılıq oyunlarında elə yerli uşaqlar oynasınlar.
- Fanatlarla problemi necə həll etməyi düşünürsüz?
- "Kəpəz"in fanatları komandaya qarşı həmişə tələbkar olublar. Son aylarda onlar doğma klublarına görə çox həyəcan keçiriblər. Onların "Kəpəz"i belə sevməsi yaxşıdı. İndi onların dəstəyinə ehtiyacımız var. Çünki gənclərdən ibarət komanda qurmaqla, perspektivi düşünürük. Əlbəttə, gənclərlə yanaşı heyətdə təcrübəli futbolçularımız da olacaq. Məsələn, Ceyhun Sultanov, Azər Məmmədov, Dmitri Parxaçov, Junivan Suares və başqaları komandada qalır. Azarkeşlər də bu yolda bizi başa düşməli, dəstəkləməlidilər. Biz birgə gələcəyin komandasını qurmalıyıq.
|
|
|
Oxşar xəbərlər:
Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb
Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın
Mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gəncədə hüquq müdafiəçilərinin görüşünə əngəl
Gəncədə şəhər günləri gözəl keçdi
|
|
|