Rusiya milli komandasının və Moskva "Dinamo"sunun əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov dini mənsubiyyətinə aydınlıq gətirib. Bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü "Sovetskiy Sport - Futbol" nəşrinə açıqlama verib.
O, bir neçə il öncə xristian dinini qəbul etdiyini bildirib. Səmədov milliyyətcə rus həyat yoldaşı Yulyanın məsləhəti ilə bu qərarı qəbul etdiyini söyləyib:
"Bir neçə il əvvəl müəyyən problemlərim vardı. Futbolda işlərim düz gətirmirdi. Bir qədər bikef idim, depressiyaya düşmüşdüm. Yulya bunu gördü və mənə kilsəyə getməyi məsləhət gördü. Gəzdirdiyim qolbaq kilsədən hədiyyədir. İki ildir gəzdirirəm. Orada İncildən "Mənə kim xidmət edirsə, onu mənim Atam şərəfləndirəcək" sitatı var".
Səmədov Rusiyanın paytaxtı Moskvada doğulub boya-başa çatıb. Onun anası rus olsa da, atası azərbaycanlıdır. Futbolçu bildirib ki, atası 40 ildən çoxdur Moskvada yaşayır. Səmədov əmi və dayılarının Rusiyanın Tver vilayətində yaşadıqlarını və Bakıda, demək olar, heç kimlərinin qalmadığını açıqlayıb.
Təcrübəli futbolçu Azərbaycan yox, Rusiya yığmasını seçməsinin səbəbini də açıqlayıb:
"2003-cü ildə "Spartak"da ikən baş məşqçi Oleq Romantsev məni az-az meydançaya buraxmağa başladı və görünür, skautların diqqətini cəlb etdim. Həmin vaxt həyatımda bir dəfə Bakıya uçdum. Qayıdandan sonra atamla məsləhətləşdim və bir daha bu məsələni qaldırmadıq. Çünki o halda Rusiya vətəndaşlığından imtina edə, legioner sayıla bilərdim. Bu isə mənə kömək yox, karyeramdakı irəliləyişlərə əlavə problemlər yarada bilərdi. Mən özümün düşməni deyiləm ki..."
Qeyd edək ki, AFFA Aleksandr Səmədovu Azərbaycan milli yığma komandasına cəlb etmək üçün uzun illər cəhd göstərsə də, səyləri bir nəticə verməyib.
|