Milli idman gimnastikası çoxdan arzusunda olduğu istəyinə, nəhayət ki, çatdı: müstəqil Azərbaycanın idman gimnastikası tarixində atletimiz ilk dəfə Olimpiadaya vəsiqə qazanıb.
Azərbaycan gimnastı Şakir Şıxəliyev bu yay London Olimpiya oyunlarına lisenziya qazanıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Şakir Şıxəliyev milli idman gimnastikasının çoxdan arzusunda olduğu lisenziyaya qarşıdakı Olimpiadanın keçiriləcəyi ölkədə, ikinci təsnifat turnirində sahib olub. O, çoxnövçülük yarışlarında 80.532 bal toplayaraq, Olimpiya oyunlarında iştiraklarını təmin etmiş idmançılar sırasına qoşulub.
Şıxəliyev müstəqil Azərbaycanın idman gimnastikası tarixində Olimpiadaya vəsiqə qazanmış ilk idmançı olub. Azərbaycan Olimpiadada idmanın bu növündə sonuncu dəfə uzaq 1992-ci ildə, Barselonada Valeri Belenki ilə təmsil olunmuşdu. Bakılı atlet Valeri Belenki o zaman qızıl medal qazanmışdı. Yeri gəlmişkən, Şakir Şıxəliyevi bu yarışlara Valeri Belenki və SSRİ-nin Əməkdar Məşqçisi Anatoli Yarmovski hazırlayıb.
Olimpiya lisenziyasının sahibi əldə etdiyi böyük uğurdan sonra fikirlərini açıqlayıb:
"Mən son dərəcə xoşbəxtəm və qürur hissi keçirirəm ki, doğma Azərbaycanı bu dəfə Olimpiadada təmsil edəcəyəm! Gərgin məşqlərim hədər getmədi. Hətta məşqlər zamanı keçirdiyim müəyyən əsəbilik bütün altı növdə inamla çıxış etməyimə əngəl ola bilmədi. Mənə və məşqçilərimə inanan federasiyaya, mənim üçün həyəcan və narahatlıq keçirən hər bir kəsə minnətdarlığımı bildirmək istəyirəm".
Beləliklə, Azərbaycan yığmasının aktivində artıq 30 Olimpiya lisenziyası var.
|