GAMAC ikinci qurultayını keçirdi
 |
Təşkilati məsələlərə baxılıb, siyasi qətnamələr qəbul olunub
Şənbə, 14.01.2012
|
|
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayı başa çatmışdır. Qurultay yanvarın 7-8-də Köln şəhərinin "Youth Hostel" (Gənclər Evi) binasında keçirilmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qatıldığı bu qurultay Güney Azərbaycan Milli Hökumətinin himni və GAMAC başqanı prof. Qulamrza Səbri Təbrizinin salamlama çıxışı ilə başlamışdır. Qurultayın aparılmasını GAMAC başqanı prof. Qulamrza Səbri Təbrizi Jalə xanım Təbriziyə həvalə etmişdir (GünAz.TV).
Jalə xanım Təbrizi GAMAC-nin İdarə heyəti üzvlərini tribunaya dəvət edərək qurultay iştirakçılarına təqdim etmiş, bundan sonra Cəbhənin 16 aylıq fəaliyyəti ilə bağlı hazırlanmış hesabat Sadiq İsabəyli, Maşallah Rəzmi, Jalə Təbrizi tərəfindən iştirakçıların diqqətinə çatdırıldı, görülən işlərlə bağlı geniş açıqlama və rəsmi sənədlər təqdim olunmuşdur. Bundan sonra iştirakçılar Cəbhənin gördüyü işlərlə bağlı suallar vermiş və gələcək işləri barədə öz fikir və təkliflərini irəli sürmüşlər.
Bütün iştirakçılara paylanmış GAMAC-nin Əsasnamə və Nizamnaməsi, ona edilən bəzi əlavə və dəyişikliklər müzakirəyə çıxarılmış, qurultay iştirakçıları tərəfindən verilən bəzi təkliflər də nəzərə alımaqla Əsasnamə və Nizamnamə açıq səsverməyə qoyulmuş və səs çoxluğu ilə qəbul olunmuşdur.
Fasilədən sonra yeni İdarə heyətinin seçilməsi məqsədilə Cəbhənin əvvəlki İdarə heyəti üzvləri istefa vermişlər. Yeni İdarə heyətinin seçilməsi üçün Behruz Həqqi və Fəramərz Quluzadədən ibarət qrup müəyyənləşdirilmiş, yeni İdarə heyətinə üzv olmaq istəyən iştirakçılar öz namizədliklərini irəli sürmüşlər. Gizli səsvermə yolu ilə bu şəxslərdən ibarət yeni İdarə heyəti seçilmişdir:
1. Prof. Qulamrza Səbri Təbrizi. 2. Əhməd Obalı. 3. Maşallah Rəzmi.
4. Behruz Həqqi. 5. Sadiq İsabəyli. 6. Dr. Əyyub Qaneyi. 7. Nadir Tarək. 8. Əhməd Əlizadə. 9. Fəramərz Quluzadə. 10. Dr. Araz Süleymani. 11. Araz Muğanlı. 12. Səttar İslami. 13. Əli Məhəmmədi.
İH seçildikdən sonra qurultayın ilk iş günü başa çatmış, ardınca musiqi proqramı təqdim olunmuşdur.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayı növbəti gün 8.1.2012 tarixdə davam etdi və qurultay iştirakçılarına həbsdə olan milli fəallarla bağlı, Urmiya gölü, Cəbhənin ikinci qurultayı ilə bağlı siyasi qətnamələr oxunmuşdur. Hər bir qətnamə ayrı-ayrılıqda müzakirə edilmiş və açıq səsvermə yolu ilə qəbul olunmuşdur. Bundan sonra Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin gələcək fəaliyyəti, Güney Azərbaycan Milli Azadlıq Hərəkatında təşkilatlanma, təşkilatlararası işbirliyi, Azərbaycan təşkilatlarına üzvlərin cəlb olunması və Azərbaycan milli hərəkatı ilə bağlı digər önəmli məsələlər müzakirə olunmuş, qurultaya ünvanlanmış təbrik məktubları oxunmuşdur.
Qurultay iştirakçıları içəridəki Azərbaycan milli fəallarının haqlı mübarizəsində onlarla bir olduqlarını nümayiş etdirmək məqsədilə qurultay salonunun ön sıralarına Güney Azərbaycan milli azadlıq mücadiləsi şəhidlərinin xatirəsinə, bu yolda ağır həbs və işgəncələrə məruz qalan milli fəalların haqlı mübarizəsinə dəstək əlaməti olaraq qırmızı qızılgüllər qoyulmuşdu.
Sonda yeni seçilmiş İdarə heyəti üzvlərinin toplantısı keçirildi. Toplantıda səsvermə yolu başqan və digər sorumlu şəxslər seçildilər. Prof. Qulamrza Səbri Təbrizi altı ay müddətinə Cəbhənin başqanı, Sadiq İsabəyli GAMAC katibi və sözçüsü, Əhməd Obalı təşkilat sorumlusu, Fəramərz Quluzadə, Behruz Həqqi, Əhməd Əlizadə və Araz Muğanlı təşkilat komitəsinin üzvləri, Maşallah Rəzmi beynəlxalq əlaqələr sorumlusu, Nadir Tarək, Jalə Təbrizi, dr. Araz Süleymani və Əli Məhəmmədi insan haqları və qadın haqları sorumlusu, dr. Əyyub Qaneyi, Səttar İslami və dr. Araz Süleymani maliyyə sorumlusu seçilmişlər.
|
|
|
Oxşar xəbərlər:
Dünya azərbaycanlılarının növbəti qurultayının vaxtı müəyyən edilib
İsa Qəmbər başqanlıqdan gedir
Bu gün AMİP-ə sədr seçilir
AXCP Müsavat ilə birləşmək qərarını verə bilər
Qurultayda ciddi qərarlar gözlənir
|
|
|