İranda heykəl oğurluğu davam edir və heykəlləri oğurlayanlar bir qayda olaraq tapılmır. Bu günlərdə isə ustad Şəhriyarın Təbrizdə heykəlinin "oğurlandığı" haqda xəbər yayıldı. "Nasrnews" xəbər saytının məlumatına görə, Təbrizin Ustad Şəhriyar bulvarının girəcəyində qoyulmuş heykəli yoxa çıxıb. Vandalizm hadisəsinin gecəyarısı baş verdiyi ehtimal olunur. Hələlik Təbriz şəhər rəsmiləri faktla bağlı heç bir açıqlama verməyiblər və məsələ əhali üçün qaranlıq qalmaqdadır.
Xatırladaq ki, iki il öncə Tehran parklarından birində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın büstü yoxa çıxmışdı. İndiyə kimi hüquq-mühafizə orqanları bu cinayəti törədənləri tapıb cəzalandırmayıb.
Buna bənzər digər olaylar 2010-cu ilin yazında yenə də paytaxt Tehranda baş vermişdi. Onda Şəhriyarla yanaşı, digər məşhur azərbaycanlılar - Səttar xan, Bağır xan, Ustad Moin, Şəriəti, Səni Xatəminin də heykəlləri oğurlanmışdı. Bu əməllərin də üstü açılmadı. Bizcə, bu iş mollakratiyanın öz əməlidir. Onlar insan heykəllərinə pis baxırlar. Bunda "bütpərəstlik" əlaməti görürlər...
|