Martın 2-də İranda parlament seçkiləridir. Namizədlərin qeydəalınma prosesi başa çatıb. Güney Azərbaycan türkləri Tehranın apardığı bu sayaq siyasi kampaniyaların azad və ədalətli keçəcəyinə inanmasalar da, seçkidə namizəd kimi iştirak etmək istəyənlər tapılır.
Onlardan biri Təbrizdən olan keçmiş deputat Əkbər Ələmidir. Nəzarət Şurası 35 iddiaçının namizədliyini qeydə almayıb. Onların arasında Ələmi də var. Məsələyə münasibət bildirən keçmiş deputat deyib:
"Əgər bu məmləkətdə seçilmək haqqım əlimdən alınırsa, onda onların dediyi seçkilərə qoşulmağın bir mənası da qalmır. Mən heç kimə səs verməyəcəyəm".
Namizədliyi qeydə alınmayanların 30-u hazırda deputatdır. Onların arasında Güney Azərbaycanı təmsil etmək istəyənlər də var. Siyahı belədir:
Əli Mütəhhəri (Tehran), Əli Abbaspur (Tehran) - İran parlamentinin enerji komissiyasının sədri, Həmidrza Katuzian (Tehran), Əlirza Məhcub (Tehran), Ənuşirəvan Möhsünibənd (Çalus və Noşəhr), Daryuş Qənbəri (İlam), Məhəmməd Mehdi Şəhriyari (Bocnurd), Həmid Xəstəbənd (Bəndər-Ənzəli), Abbasəli Nura (Zabul), Davud Məhəmmədcani (Fars), Mustafa Məturzadə (Xürrəmşəhr), Abdulcabbar Kərəmi (Sənəndəc), İqbal Məhəmmədi (Mərivan və Sərvabad), Əhmədrza Dəstğeyb, Əli Əsgər Həsəni (Larestan), Müsəlrza Sərvəti (Bocnurd), Seyid İmad Hüseyni (Qürvə və Dehgülan), Seyid Mehdi Sadiq (Astana-Əşrəfiyə), Fatimə Acırlu (Kərəc), Səməd Mərəşi (Rudbar), Qüdrətullah Əlixani (Qəzvin), Fərhad Dəlqpuş (Astara), Məcid Nəsirpur (Sərab), Nadir Qazipur (Urmiya), Yunis Əsədi (Meşkinşəhr (Xiyav)), Vəkil Sepəh Acırlu (Muğan), Cəlal Mahmudzadə (Miandab (Qoşaçay)), Süleyman Cəfərzadə (Maku və Çaldıran), Əli Zəncani (Nəqədə (Sulduz)), Qəffar İsmaili (Həştrud və Çaroymaq).
Təbrizdən iki dəfə deputat olmuş Əkbər Ələmidən başqa, Süheyla Cəludarzadə və Məryəm Behruzinin də namizədliyi ləğv edilib.
Qeyd edək ki, İranda IX çağırış parlament seçkisi ilə bağlı ümumilikdə 5283 nəfər deputatlığa namizədliyini irəli sürüb. Onlardan 390 nəfəri qadındır. İran prezidenti Əhmədinejadın bacısı Pərvin Əhmədinejad da Gərmsar şəhərindən namizədliyini irəli sürüb.
|