Nazirlər Kabinetinin Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri ilə bağlı sərəncamına əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı müalicə-diaqnostika mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.
ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirdi ki, qurum 2012-ci ilin yanvarından başlayaraq bütün işçilərini icbari tibbi sığorta növü üzrə sığortalayacaq:
"Hazırda bununla bağlı iş aparılır. Neft-qaz işçilərinin icbari tibbi sığortası ölkədə fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə həyata keçiriləcək. Elə buna görə də şirkətin balansında olan səhiyyə müəssisələri, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək. Bundan sonra Neft Şirkətinin bütün əməkdaşları müayinə kartı ilə istənilən xəstəxanada müayinədən keçə biləcək. Bu prosedurlar isə bütün dünyada, şirkətlərdə necədirsə, bizdə də elə həyata keçiriləcək. İşçiyə sığorta polisi veriləcək, işçi həmin sığorta polisində göstərilən tibb müəssisəsində müayinədən və yaxud müalicədən keçə biləcək".
Bu qərarın mahiyyətinə gəlincə, Nizaməddin Quliyev deyir ki, tibbi sığorta olunan zaman bütün müəssisələrdə eyni şərait yaradılmalıdır:
"Əgər hər hansı qurumun ayrıca diaqnostika mərkəzləri və xəstəxanası varsa, bu zaman rəqabət prinsipi pozulur, digər tibb müəssisələri və qurumun tərkibində olanların arasında fərq yaranır. Mərkəzi Neftçilər Xəstəxanasının Səhiyyə Nazirliyinin tərkibinə verilməsində məqsəd də yalnız bu fərqi aradan qaldırmaqdır".
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, səhiyyə üzrə dövlət siyasəti mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir:
"Bu baxımdan, Azərbaycanın ayrı-ayrı şirkətlərinin müxtəlif dövrlərdə səhiyyə sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi, bir mərkəzdə idarə olunması məqsədəuyğundur. Ona görə də mən ARDNŞ-də baş verən bu dəyişikliyi müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Neft Şirkəti daha çox özünün rəqabət qabiliyyətinin artırılması ilə məşğul olmalıdır. Bu prosesin gələcəkdə müsbət nəticələr verəcəyi barədə isə danışmaq hələ tezdir. Çünki proses yenicə başlayıb. Amma hesab edirəm ki, bu sahədə Səhiyyə Nazirliyi daha çox təcrübəyə malik olan bir təşkilatdır. Uzun müddətdir ki, bu istiqamətdə dövlət siyasətini həyata keçirir. Təbii ki, keçid dövrü üçün müəyyən çətinliklər baş verə bilər. Amma nəzərə almaq lazımdır ki, həmin xəstəxanalarda Azərbaycan neftçiləri yenə də tibbi sığorta əsasında öz sağlamlıqlarını müayinə və müalicə etdirə biləcəklər".
|