Dəm qazından ölənlərin sayı niyə artır?
 |
İlk səbəb - qazın təzyiqinin aşağı olması ilə izah edilir
Şənbə, 14.01.2012
|
|
Yanvarın 11-də Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib. Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, Çobanzadə 54 ünvanında yerləşən 8-ci kilometr bazarının anbarının hamamında 55 yaşlı Ramiz Həsənov yuyunarkən dəm qazından boğulub.
Yanvarın 12-də Bakının Binəqədi Rayonunda mənzildə güclü partlayış olub. Binəqədi rayon Prokurorluğundan bildirilib ki, hadisə Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 182 ünvanda yerləşən mənzildə qeydə alınıb. Hadisə zamanı 1985-ci il təvəllüdlü Nərmin Nəsirova, azyaşlı oğlu Zahir Ramazanov xəsarət alıblar. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər, tibbi müayinə ediliblər. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.
Demək olar ki, hər gün dəm qazından zəhərlənmələrlə bağlı xəbərlər yayılır. Qış mövsümü başlayandan dəm qazından zəhərlənənlərin sayı hər gün artır. Aparılan maarifləndirmə, görülən tədbirlərə baxmayaraq, zəhərlənmə hallarının sayı azalmır. Bu il mətbuatda yayılan məlumatlara görə, ən çox zəhərlənmələr Sumqayıtda olub. Dəm qazından zəhərlənmələr daha çox gecə saatlarında olduğu üçün onların böyük bir hissəsi dünyasını dəyişir. Təbliğat aparılmasına və tədbirlər görülməsinə baxmayaraq, dəm qazından zəhərlənmələr azalmır.
Dəm qazı rəngsiz, iysiz, dadsız, havadan yüngül və suda az həll olan kəskin zəhərli maddədir. Tənəffüs etdikdə dəm qazı ağciyərdə bronxlar vasitəsilə qana keçir. Bu maddə oksigenə nisbətən hemoqlobinlə möhkəm birləşir və oksigenin bədən hüceyrələrinə daşınmasının qarşısını alır. Bununla da orqanizmdə "oksigen aclığı" yaranır ki, nəticə etibarilə insanın boğulmasına səbəb olur. Orqanizm zəhərlənmədən öncə ilk müşahidə olunan hal başağrısı, ürəkbulanmasıdır.
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə deyir ki, dəm qazı zəhərlənməsinin ilkin simptomları hiss edilir:
"İlkin olaraq adamda baş ağrıları yaranır, üz nahiyəsində qızarma olur, ürəkbulanma, qusma əlamətləri də müşahidə oluna bilir.
Sadaladığım əlamətləri duyan adam o mühitdən çıxa bilirsə, hər şey yaxşı olur. Amma hamam otağında məsələ bir az çətinləşir. Belə ki, istinin təsiri nəticəsində dəm qazından boğulma daha tez əmələ gəlir (şübhəsiz, hamam otağına dəm qazı sızırsa). Çünki isti nəticəsində qan-damar sistemi güclü işləməyə başlayır, qanın damarlarda hərəkəti intensivləşir. Bu isə orqanizmin xeyrinə deyil. Beynin zəhərli qanla təchizi insan həyatına güclü təhlükə yaradır. Dəm qazının yuxu gətirmə xüsusiyyəti də var. Dəm qazının beynə təsiri nəticəsində insanda yuxu əmələ gəlir".
A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənən adamın huşunu özünə gətirmək üçün ona azca naşatır spirti iylətmək lazımdır:
"Belələrini vaxt itirmədən açıq havaya çıxarmaq lazımdır. Onun mühitini dəyişmək, oksigenlə təmasını artırmaq lazımdır. Onlara isti şirin çay da vermək olar. Həmçinin onun ağız boşluğunda selik təmizlənməli və həkimə müraciət etmək lazımdır. Dəm qazından zəhərlənmələrdə ölüm ehtimalı qapalı mühitdəki qazın sıxlığından asılıdır. Göstəricilər belədir ki, qanda zəhər 7-8 faizdən çox olursa, bu, ağır haldır. Şübhəsiz, yardım olmasa, bu halda zəhərlənən şəxs həyatını itirir. Amma dəm qazından zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırılsa, onun həyatını xilas etmək mümkündür. Xüsusi aparatlar vasitəsilə onlara yüksək təzyiqlə oksigen vurulur və xəstənin qanı həmin avadanlıqla təmizlənir. Adətən yarım saata-bir saata xəstələr özünə gəlir, danışmağa başlayır, ətrafa reaksiya bərpa olunur. Sonra onların qanlarına müxtəlif şirələr vurulur. Xəstələrin 60-70 faizi elə ilk gündən evə buraxılır".
Həkimin sözlərinə görə, zəhərlənmələrə əsas səbəb olan amil təbii qazın istifadəsi ilə bağlıdır:
"Vətəndaşlar qazın istifadəsi zamanı son dərəcə diqqətli olmalıdır. Çünki zəhərlənmələr ya qazın yaxşı yanmaması, yaxud da sobaların düzgün işləməməsi ilə bağlı olur".
Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov başqa səbəb göstərir. Bu səbəb - bir çox halda tüstü bacalarının quraşdırılmasında nöqsanlara yol verilir:
"Bu zaman qazın tam yanmaması baş verir və dəm qazı yaranır. İnsanlar bundan xəbərsiz olduqları üçün bu qazla nəfəs alır və zəhərlənirlər..
|
|
|
Oxşar xəbərlər:
Qazın qiymət artımı narazılıq yaradıb
İrandan Qarabağa - təbii qaz
Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək
Sumqayıtda kütləvi zəhərlənmə
Qazaxda jurnalistlərin Xocalı toplantısı
|
|
|