Ötən il TN "Qaynar xətt" xidmətinə (496-34-82; 496-37-61; faks: 496-37-61; qaynar-xett@edu.gov.az) 30124 müraciət daxil olub. Təhsil Nazirliyinin açıqladığı rəqəmlərə görə, müraciətlərin 27135-i telefonla, 2989-u elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlərin 28893-ü (95,9 faiz) sorğu, 1231-i isə (4,09 faiz) şikayət xarakterlidir.
2010-cu illə müqayisədə 2011-ci il ərzində "Qaynar xətt"ə 2,3 dəfədən çox müraciət daxil olub. Bu, vətəndaşların "Qaynar xətt" xidmətinə etimadının artdığını deməyə əsas verir.
Sorğuların təxminən 70 faizi ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar olub. Digər sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarəedilməsi, xaricdə təhsil, müəllimlərin yaş senzi, dərs yükü, əməkhaqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb. Sorğular diqqətlə dinlənilərək cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.
Daxil olan şikayətlər məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Müraciətlərin əksər hissəsini Bakı, bir qismini isə Sumqayıt və Şirvan şəhərlərindən daxil olan müraciətlər təşkil edir. Eyni zamanda Yardımlı, Goranboy, Abşeron, Gədəbəy, Şəki, Qəbələ, Saatlı, Şamaxı, Lerik, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub.
Müraciətlərdə tədris prosesinin təşkili, maddi-texniki təchizatda çatışmazlıqlar, məktəbdaxili idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər əksini tapır. Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində tədris prosesinin təşkili və idarəolunması, şagirdlərin təqaüdlərinin və müəllimlərin əməkhaqqının gecikdirilməsi və digər məsələlərdən bəhs olunur. Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi, neqativ halların aradan qaldırılması məqsədilə müraciətlər edilib.
Müraciətlər nazirliyin əməkdaşları, bir sıra QHT könüllüləri tərəfindən araşdırılıb. Qış və yay imtahan sessiyaları dövründə özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox olub. Araşdırmaların nəticələrinə əsasən, Ağcəbədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəllimi N.Qəmbərova və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər işdən azad ediliblər.
Bakı şəhər 37 saylı məktəbin direktoruna xəbərdarlıq olunub, bu məktəbin direktor müavininə və 153 saylı körpələr evi-uşaq bağçasının müdirinə son xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan başqa, İ.Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəlliminin şagirdlərin biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və təhsil müəssisənin rəhbərliyi tərəfindən ona töhmət verilib. Şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı verən Xəzər rayonundakı 183 saylı məktəbin sinif rəhbərinə ciddi xəbərdarlıq edilib.
Sumqayıt şəhər 2 saylı tam orta məktəbin müəlliminə şagirdin biliyinin qiymətləndirilməsində səhvə yol verdiyi üçün töhmət verilib. Bakı şəhər 74 saylı orta məktəbin müəlliminə töhmət, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 saylı orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib və digər inzibati cəza tədbirləri görülüb. Şikayət daxil olan digər təhsil müəssisələrinin rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib. Araşdırmalar zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.
|