Dekabr ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 5842 müraciət daxil olub. DMX-dən verilən məlumata görə, müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazə müddətlərinin uzadılması ilə bağlı olub.
Müraciətlərin hər biri ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və qərarlar qəbul edilib. Həmçinin DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulma hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.
1247 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 200 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 870 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 177 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
|