Nazirlər Kabineti ARDNŞ-nin balansında olan səhiyyə müəssisələri ilə bağlı sərəncam verib. Sərəncama əsasən, ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı müalicə-diaqnostika mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.
Sərəncamda SN-ə tapşırılıb ki, adı çəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.
Nazirlər Kabinetinin digər qərarı ilə ARDNŞ-nin balansında olan binalar və yataqxanalar Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib. Sərəncama əsasən, ARDNŞ-nin Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib.
|