Təranə Mahmudovanın ekizlərinin doğum günü qeyd edilib. Təmtəraq sevməyən sənətçi dostlarının təkidi ilə Mövsüm və Aylinin dünyaya gəlmələrinin bir ilini geniş əhatədə keçiriblər. Mahmudova qəzetimizə danışır ki, dostlarının çoxuna dəvət göndərmədiyindən eşidənlər ondan inciyəcəklər:
"Təmtəraq sevən deyiləm. Yadıma gəlmir ki, öz ad günümü geniş məclisdə qeyd edim. Məni bir az mühafizəkar adlandırmaq olar. Dostların müdaxiləsindən sonra ailəcə məclisin təşkilinə qərar verdik. İxtisarla məclisə 30 nəfərə yaxın adam dəvət etdik. Amma bu, hamısı deyil. Bilirəm ki, digərləri eşidib bərk inciyəcəklər.
İncəsənət adamı olduğumdan daha maraqlı, teatrallaşdırılmış bir səhnə hazırlaya bilərdim. Amma sadəliyi seçdim. Dostlar sağ olsun, sürprizlər bol oldu. Aktyor dostlarım Salman, Nicat məclisi daha maraqlı etdilər. Klounlar, Yeni il ərəfəsində olduğumuzdan Şaxta baba, Qar qızımız da oldu. Sonuncular mənim ideyam idi. Hətta məclisdə iştirak edən uşaqlara da hədiyyə sevinci yaşatdım. Əvvəlcədən hazırladığım bağlamalar Şaxta babanın təqdimatında onlara verildi. Ekizlərimi isə sevdiyi cizgi filmi qəhrəmanlarının fiqurunu onların adına hazırlanan tortun üzərinə əks etdirməklə sevindirə bildim. Çünki onlar böyük məclisin təşkilindən daha çox bunu dərk edirdilər".
Qeyd edək ki, Mövsüm və Aylin Təranə xanımın ailəsinə 8 ildən sonra verilən övlad payıdır. Onların tərbiyəsi ilə məşğul olan sənətçi ana fotolarının yayımına həvəs göstərmir:
"Övladlarımın əksini gizlədəcək elə bir səbəb yoxdur. Gözəl balalardır. Sadəcə, bəzi müqəddəs hisslər qorunduğu kimi, mən də onları bu cür qoruyur və eyni zamanda düşünürəm ki, bu, özünüreklam olardı. Borcum onları fotolarda sərgiləmək yox, sevmək və sağlam böyütməkdir".
|