Avrozonada baş verənlər Avropanın vahid valyutası üçün müsbət gələcək vəd etmir. Belə ki, son günlər avronun məzənnəsi digər valyutalara nisbətdə kəskinliklə düşməkdədir. Dollar qarşısında mövqelərini itirən avronun manata nisbətdə məzənnəsi də azalmaqdadır. Azərbaycan Mərkəzi Bankı yanvarın 6-sı üçün avronun məzənnəsini 1.0042 manat müəyyənləşdirib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov jurnalistlərə təkcə son 6 ayda avronun dollara nisbətən məzənnəsinin 15 faiz zəiflədiyini xatırladır:
"İyunda 1 avro 1 dollar 48 sent idisə, artıq 1 avro almaq ücün 1 dollar 27 sent ödəmək lazım gəlir. Avronun məzənnəsində bu gün son 1 ildə ən aşağı hədd qeydə alınıb. Azərbaycanın valyuta bazarında avronun məzənnəsi 1 avro 1 manat məzənnəsinə yaxınlaşır. Avropadakı devalvasiya 1 avronun 1 manatdan aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir. Yaxın günlərdə valyutadəyişmə məntəqələrindən avro almaq üçün manat deyil, sadəcə, qəpik ödəmək lazım gələcək".
Bayramovun fikrincə, Yunanıstan və İspaniyada antiböhran tədbirlərinin səmərəli olmaması artıq avrozonanın gələcəyi ilə bağlı ciddi fikir ayrılığı yaradıb. Aydındır ki, avrozonada qalmaq sözügedən ölkələrdə, xüsüsən də Yunanıstanda dövlət xərclərinin azalmasına imkan yaratmır:
"Əksinə, dövlət xərclərinin artımı müşahidə edilir. O baxımdan Avrozonada baş verən son proseslər avronun valyuta kimi dövriyyədən çıxarılma təhlükəsini gündəmə gətirir. Düzdür, Avropa Birliyi avronun vahid valyuta kimi istifadəsinin qorunub saxlanmasına çalışacaq. Bununla belə, AB bir sıra Avropa ölkələrində, xüsusən İtaliya və İspaniyada dövlət xərclərini azaltmaq üçün avronun devalvasiyasına gedəcək. Avronun məzənnəsini digər valyutalara nisbətdə aşağı salmaqla həm avrozonaya ixracı stimullaşdırmağa, həm də devalvasiya hesabına dövlət xərclərinin bir qismini örtməyə çalışacaq".
İqtisadçı bildirib ki, yaxın zamanlarda avronun dollara nisbətən məzənnəsinin düşmə prosesi sürətlənəcək:
"Bu, avronun manata nisbətən də məzənnəsinin azalması demək olacaq". Məlum olur ki, bir sıra ölkələr öz ehtiyatlarının bir qismini qızılda saxlamağa çalışır:
"Dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır. Artıq Ukrayna hökuməti dövlət rezervlərinin əhəmiyyətli hissəsinin qızılda saxlanmasına dair qərar qəbul edib. Dövlət Neft Fondunun da yaxın zamanlarda avro ilə saxlanılan rezervlərin bir qisminin qızıla çevrilməsi yönündə addımlar atacağı gözləniləndir".
Qeyd edək ki, avronun dəyəri son 11 il ərzində yapon ienasına və son 16 ay ərzində ABŞ dollarına qarşı ən aşağı səviyyəyə düşüb. Avropa valyutasının düşməsi investorların avrozona ölkələrinin iqtisadiyatının durumuna inamının azalmasıdır.
İnvestorlar üç məsələyə görə ehtiyat edirlər. Reytinq agentlikləri Fransanın kredit reytinqinin düşə biləcəyini bildirsələr də, bu ölkə büdcə kəsirini azaltmaq üçün 10 milyard dollarlıq istiqraz satıb. Özü də dekabrda analoji istiqraz satışından sonra 10 illik istiqrazların gəlirlilik dərəcəsi artıb. Macarıstanın da əsas birja indeksi düşməkdə davam edir, amma Macarıstan hakimiyyəti üçün də xarici borclanmanın qiyməti artıb.
Bu ölkənin xarici borclanmalarının dərəcəsi illik 2 faizdən 10 faizə qədər qalxıb. Maliyyə bazarları Budapeştin BVF və Avropa Birliyi ilə kredit limitinin təqdimi ilə bağlı danışıqlarını narahatlıqla izləyirlər. İspaniya iqtisadiyyat naziri Luis de Qindos istisna etmir ki, İspaniya bankları əmlaka görə yaranmış 65 milyard dollarlıq qaytarıla bilməyən borcları silməlidirlər.
|