Ən yaxşı futbolçumuz Türkiyə çempionatında?
 |
\"Qarabağ\"ın futbolçusu Rauf Əliyevin də xaricə üz tutan \"axın\"a qoşulacağı deyilir
Şənbə, 07.01.2012
|
|
Azərbaycan futbolu xarici klublarda çıxış edən təmsilçilərinin sayı ilə öyünə bilməz. Halbuki bu, istənilən bir ölkədə futbolun səviyyəsini göstərən meyarlardan sayılır. Amma son dövrlər bu sahədə müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. Belə ki, Vaqif Cavadov, Amit Quluzadə və Araz Abdullayevdən sonra milli komandamızın daha bir futbolçusu - Rauf Əliyevin də xarici kluba üz tutacağı gözlənilir.
Vaqif Cavadovla Amit Quluzadənin xarici klublara keçidi hələ ötən ilin yayında reallaşmışdı. Vaqif Rusiya Premyer Liqasında mübarizə aparan "Volqa", Amit Quluzadə isə Türkiyənin Bank Asiya I divizionda oynayan "Erciyyespor" komandasına keçmişdi. Hər iki futbolçu öz klublarında uğurla çıxış etməkdədirlər.
Xatırladaq ki, "Neftçi"nin futbolçusu Amit Quluzadənin "Erciyyespor"a keçidi ötən ilin mayında rəsmiləşib. Milli komandamıza da cəlb olunan 20 yaşlı yarımmüdafiəçi Kayseri təmsilçisi ilə "2+1" sxemi ilə 3 illik müqavilə imzalayıb. Ötən mövsüm Superliqaya qayıtmağa yaxın olan, 3-cü yeri tutan komanda növbəti ildə məqsədinə çatmağa iddialıdır. Karyerası yetirməsi olduğu "Neftçi"yə bağlı olan Amit "Erciyyespor"da oynayan ilk azərbaycanlı futbolçudur.
Milli komandamızın yarımmüdafiəçisi, "Neftçi" klubunun digər yetirməsi Araz Abdullayevin isə xarici kluba keçidi ötən həftə gerçəkləşib. İcarə əsasında Yunanıstanın "Panionios" klubuna keçən futbolçumuz bu komandanın heyətində debüt də edib. Meydançaya 70 nömrəli formada çıxan Arazın komandası 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Afina klubu icarəyə götürdüyü Araz Abdullayevi yeni ilin ilk günlərində rəsmən təqdim edib.
20 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Həmvətənimiz sabah Yunanıstan çempionatında növbəti oyununu keçirə bilər.
Yeri gəlmişkən, Araz müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsusdur.
Azərbaycan millisinin futbolçusu Rauf Əliyevin də karyerasını Amit kimi Türkiyədə davam etdirməsi gündəmdədir. Türkiyə mətbuatında yayılan xəbərlərdə deyilir ki, "Qarabağ"ın 22 yaşlı hücumçusu Bank Asiya I Liqada çıxış edən "Göztepe" klubu ilə anlaşıb. Məlumatda daha sonra bildirilir ki, futbolçumuz hazırda 18 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan "Göztepe" ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq. "Qarabağ"ın hücumçusu Rauf Əliyev dünən "azerisport.az" saytına müsahibəsində yayılan xəbərlərə münasibətini açıqlayıb:
"İnanın ki, bu, mənim üçün də çox gözlənilməz oldu. Menecerim mənə bildirib ki, Türkiyənin iki klubundan mənə təklif var. Amma komandanın adlarını bilmirəm. Türkiyə birinci liqası kifayət qədər güclü çempionatdı. Amma "Göztepe"yə gəlincə, bu komanda barədə ətraflı bilgim yoxdur. Gizlətmirəm, mən legioner həyatı yaşamaq istəyirəm. Amma mənə daha çox klub rəhbərliyinin və baş məşqçi Qurban Qurbanovun fikri önəmlidir. Onların razılığı olmadan mən heç yerə gedə bilmərəm".
Qeyd edək ki, İzmir klubunun nümayəndələri hələ ötən ilin mayında Azərbaycana gəlib, Quzanlıda keçirilən "Qarabağ" - "Neftçi" oyununu izləmişdilər. Həmin vaxt türkiyəlilər Raufla yanaşı Ağdam klubunda onun komanda yoldaşları Əfran İsmayılovla Maksim Medvedevi də bəyənmişdilər. Amma klub rəhbərliyi avrokuboklarda uğurlu çıxış etmək üçün oyunçularını buraxmamışdı.
Beləliklə, 2008-ci ildən "Qarabağ"da oynayan, 84 oyunda 18 dəfə rəqib qapısına yol tapan 22 yaşlı futbolçu bundan sonra Türkiyə çempionatında qüvvəsini sınaya bilər. Qeyd edək ki, 2011-ci ilin yekunlarına görə Rauf Əliyev Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
|
|
|
Oxşar xəbərlər:
İrandan Qarabağa - təbii qaz
Misir saytı Azərbaycan xalqından üzr istəyib
Nəriman Həsənzadədən irad
Ruslara Qarabağda kilsə tikdirmək planı
"Qarabağ həqiqətləri" adlı xüsusi buraxılış
|
|
|