Tehranın ölkəmizə qarşı hədyanları, ərazi iddiası davam etməkdədir. Yeni ilin ilk günlərindən başlayaraq, İranın çeşidli informasiya vasitələri və rəsmiləri bu yöndə çıxışlar edib.
İranda Azərbaycanın daxili işlərinə qarışmaqda ad çıxarmış ayətulla Məkarim Şirazi Qum şəhərindəki moizəsində iddia edib ki, hazırda Azərbaycan, Bəhreyn və Qətərdə müsəlmanlar "ciddi təzyiqlərə məruz" qalır:
"Azərbaycandan aldığımız mötəbər məlumatlara əsasən, islam düşmənləri müsəlmanları zəiflətməkdə israrlıdır. İslama müxaliflərin bir hissəsi sabiq sovet rejiminin məmurlarıdır. İslama qarşı müxalifətin bir səbəbi də budur".
Bu molla yenə də iddia edib ki, Azərbaycanda "hicaba qarşı mübarizə, şiə alimlərinin həbsi, dini kitab çapının yasaqlanması" halları intensivləşib:
"Bilin ki, öz kökünüzə balta çalırsınız. Çünki dünya şiələri İmam Hüseyn məktəbində tərbiyə alıblar və diz çökəsi deyillər. Bu hədələr, qətllər onların etiqadını sarsıtmayacaq. Bu yolun davam etdirilməsi yaxşı nəticə verməyəcək. Azərbaycan, Bəhreyn, Hicaz şiələri susmayacaq. Dünya müsəlmanları onlarla həmrəydir. Bəzi ölkələrin siyasətçiləri din alimlərinin fikirlərini onların daxili işinə qarışmaq kimi qiymətləndirir. Amma bu, həqiqətdən uzaqdır. Din alimləri üçün sərhəd anlayışı yoxdur. Onların fəaliyyəti zaman və məkanla məhdudlaşmır"
Bu zat ölkəmizə qarşı ilk dəfə deyil belə hədələyici bəyanat verir. Çox maraqlıdır, o və onun kimi düşünənlər hələ də İran hakimiyyətinə qarşı çıxışları islamın ünvanına deyilənlər kimi qələmə verməyə çalışırlar.
İran İslam Respublikasında "İslamın olmamasını" elə İrandakı, Şirazinin dediyi kimi, "şiə din alimləri" açıq-aşkar söyləyirlər.
Məkarim Şirazinin yadına salaq ki, bir müddət öncə İran dini ekspertlər şurasının üzvü, ayətulla Seyid Əli Məhəmməd Dəstqeyb ölkədəki siyasi müxalifətdən və mövcud durumdan danışarkən demişdi:
"Bəs necə olur ki, onlar konstitusiyanın icra olunmasını, xalqın hüquqlarına əməl edilməsini tələb edən kimi birdən-birə "amerikalı" və "israilli" oldular? Bu qanun pozuntularını, zülmləri dini rəhbərin diqqətinə çatdırmaq sizin vəzifənizdir. Məgər zindanda saxlanan mömin şəxslər "Quran"ın əmrinə tabe olaraq konstitusiyaya əməl edilməsindən başqa bir şey istəyiblər? Ey peyğəmbərin paltarını geyib, başına əmmamə qoyan ruhani cənablar! Sizin sükutunuzun bir anlamı var - o da hazırkı vəziyyətdən məmnun qalmağınızdır. Əgər bunlardan xəbərimiz ola-ola susub danışmırıqsa, vay bizim halımıza. Əgər bu zülmlərdən xəbərdar deyiliksə, yenə vay bizim halımıza".
İranın ali rəhbəri Əli Xamneyinin qardaşı Hadi Xamneyi də ölkədəki durumu dəyərləndirərkən belə demişdi:
"Əgər bir gün xalq nəyisə istəməsə, onu zorla ona qəbul etdirmək düzgün deyil. İnsanlara demək olmaz ki, siz hamınız səhv yoldasınız və biz sizi zor gücünə də olsa, cənnətə aparmaq istəyirik. Heç kəsin insanlarla belə rəftar etməyə haqqı yoxdur. Təəssüf ki, bu gün ölkədə əvvəlki şüar və meyarlara tam zidd bir vəziyyət hakim olub. Əgər sağlam və normal mühit yaratmaq istəyiriksə, ölkədə çox şey dəyişməlidir. Bu gün ölkədə bir qrup daima hakimiyyətdə qalmaq istəyir və başqalarının varlığına dözmür. Belə bir təfəkkürə sahib olanların öz rəqibini fiziki baxımdan meydandan çıxarmaq cəhdi qəbuledilməzdir. Hakimiyyətdəki qanadların heç birinin haqqı olmamalıdır ki, rəqibini meydandan çıxarmaq üçün özündən fitva çıxarıb qarşı tərəfi dinsizlikdə günahlandırsın. Yoxsa ki, hər kəs qarşı tərəfin dinsiz olduğu iddiasını irəli sürə bilər".
Tanınmış müxalif ruhani, mərhum dissident ayətulla Hüseynəli Müntəzirinin oğlu Əhməd Müntəziri İranın ali lideri ayətulla Xamneyiyə məktub yazaraq, ölkəni bürüyən böhranlardan qurtarmaq üçün islahatlar aparmağın vacibliyini vurğulayıb:
"Orta Şərqdə baş verən dəyişikliklərdən, eləcə də ölkəmizi təhdid edən təhlükələrdən xəbəriniz var. Çoxlu maddi və mənəvi itkilər hesabına yıxılmış keçmiş rejimlərin təcrübəsi göstərir ki, dinc məxaliflərə qarşı təzyiqlər xalq hərəkatını əngəlləyə bilməz.
Ölkənin indiki siyasi kursu və acınacaqlı durumu ictimai, siyasi və mənəvi dəyərlərin məhv olmasına gətirib çıxara bilər. Bu isə əvəzolunmaz bir ziyan və itkidir. Məhz bunun qarşısını almaq üçün tədbir görmək vaxtıdır. Bu sistemi çökməkdən, ölkəni isə viranlıqdan və parçalanmaqdan qurtarmaq vəzifəsi hamıdan artıq sizin üzərinizə düşür. Bunun üçün də sistemin siyasi kursuna, tutub getdiyi istiqamətə yenidən baxın. Ölkəni hazırkı böhrandan və çıxılmazlıqdan qurtarmağın ən qısa yolu siyasi məhbusların dərhal azadlığa buraxılması, onlardan üzrxahlıq edilməsidir".
Bu fikirləri Məkarim Şirazinin yaşadığı ölkədəkilər mövcud rejimə qarşı deyirlər. Lakin Məkarim Şirazi öz ölkəsini "görmür". Onu Azərbaycan maraqlandırır. Öz gözündə "tiri görə bilməyən" Şirazi kimilər gündəmdə qalmaq üçün vaxtaşırı Azərbaycan Respublikasında "nöqsan axtarmaq" həvəsinə düşürlər. Belələri özlərini "müsəlman dünyasının qayğıkeşi" təki göstərməyə çalışmaqla, əslində çürümüş Tehran hakimiyyətinin qalması, öz əyri əməllərinə, din pərdəsi altında xalqa rəva gördükləri zülmləri ört-basdır etmək üçün əlləşirlər. Azərbaycan, Bəhreyn, Fələstin və daha başqa yerlərdəki "məzlumlar" İslam Respublikasının rəhbərliyi üçün yalnız vasitə kimi lazımdır. Onları müdafiə edənlər isə bu durumda olan rejimi diriltməyə səy etməklə, əslində böyük suç işlədirlər.