Bu yaxınlarda Azərbaycan hökumətinin xaricdə təhsil alanların dini vəzifəyə təyinat almayacaqları barədə qərarının İran mollalarını necə qəzəbləndirdiyi yəqin çoxlarının yadından çıxmayıb. Lakin bir İran türkünün gəlib Bakıda jurnalistika kursu keçməsini ona çox görüblər. Bu adam İranda vəzifə-filan tutmaq istəməyib. Sadəcə bu kursun özündə iştirak İran məxfi polisini bərk narahat edib və bu ədəbiyyat adamını tutub məhbəsə salmağı özlərinə rəva gördülər.
Azərbaycan dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının məhkəmə prosesinin keçirildiyi barədə xəbər gəldi. Bəli, Səid Muğanlı Bakıda jurnalistika kurslarında iştirak etməkdə və qanunsuz pul qazanmaqda təqsirləndirilib. Azərbaycanlı jurnalistin işinə Təbriz məhkəməsinin 105-ci şöbəsində baxılsa da, barəsində qərar çıxarılmayıb.
Ötən ay apellyasiya şikayəti təmin edilməyən Səid Muğanlı Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Səid Muğanlı 2011-ci il iyun ayının 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Muğanın Yelsu kəndində həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb. ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan şairin ağır işgəncələrə məruz qaldığı da bildirilib.
|