İran İslam Respublikası ilə Azərbaycan torpağını işğal etmiş təcavüzkar Ermənistan arasında "dostluq, qardaşlıq əlaqələrinin" genişləndirilməsində yeni addım atılacaq. Söhbət Ermənistanla sərhədyanı ticarətə şərait yaradılmasından gedir. Başqa sözlə, Güney Azərbaycanın Ermənistanla həmsərhəd rayonları bu ticarətə qoşulacaq. Ya da məcburən bu ticarətdə daha geniş ölçüdə iştiraka cəlb ediləcəklər. Zatən, neçə illərdir güney azərbaycanlı işbazların bizim ölkənin ziyanına olaraq İrəvanla ciddi ticarət əlaqələri, sıx gediş-gəlişləri var.
"NEWS.am"ın məlumatında bildirilib ki, bu il yanvarın ortalarında İranın daxili işlər naziri Mustafa Məhəmməd-Nəccar İrəvana səfər edəcək. Bu haqda onun beynəlxalq məsələlər üzrə müavini Mehdi Məhəmmədifərd "İSNA"ya müsahibəsində deyib.
Müavinin sözlərinə əsasən, səfər çərçivəsində tərəflər təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Bundan sonra mədəni əlaqələr, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinə dair danışıqları planlaşdırılıb.
Səfərdə İran-Ermənistan sərhədyanı ortaq bazarın da açılacağına dair danışıqlar aparılacağı gözlənilir. Bu səfərdə maraqlı görünən odur ki, "bazar məsələsi"ni ticarət naziri deyir, daxili işlər naziri müzakirə edəcək. Bəlkə bu onun şəxsi "obyekti" olacaq, ona görə bu işdə şəxsən maraqlıdır?
|