Astroloq Səbuhi Rəhimli:
"Əjdaha ilə mülayim davranın, ona hörmətlə yanaşın"
 |
Bu heyvanla dostluq daha yaxşıdır, nəinki savaşmaq
Şənbə, 07.01.2012
|
|
Astroloq, "Qoroskop" qəzetini baş redaktoru Səbuhi Rəhimli deyir ki, tarixin bütün dönəmlərində Əjdaha ili zəngin sevgi çağı kimi qiymətləndirilib. Odur ki, dünyanın bütün bölgələrində, xüsusən də Şərq ölkələrində əksər xeyir işlərin vaxtını məhz göstərilən ərəfəyə təyin edirdilər. Bu, əlbəttə, boş yerdən düşünülməyib. Nücum elminə inanan hər bir fərd tarixin sınağından keçmiş bu tövsiyələri reallaşdırmaq üçün mövcud şəraitdən istifadə etməyə çalışır.
Astroloji təyinatlara görə, tanışlıq və dostluq üçün digər 11 illə müqayisədə Əjdaha daha böyük rol oynayır. Özəlliklə də ilin ilk dörd ayında gənclərin bir-birinə yaxınlaşması qaynar həddə çatır. Bununla yanaşı, ötən ildə pozulmuş ailə və sevgi munasibətləri də qaydasına düşür. ABŞ mütəxəssislərinin hesablamalarına görə, Əjdaha ilində boşanmaların sayı minimuma enir, evlənmələr isə iki-üç qat artır.
Astroloq Səbuhi Rəhimli AYNAya müsahibəsində bildirdi ki, yola saldığımız Pələng və Pişik illərində sevgi münasibətlərində müəyyən soyuqluq, toy şənliklərinin minimal səviyyəsi, boşanma hallarının çoxalması müşahidə olunmuşdusa, Əjdaha bu xoşagəlməzliklərin qarşısını xeyli dərəcədə alacaq:
"Əsas məqamlardan biri isə odur ki, 2012-ci ildə sevgi münasibətləri yalan və hiyləgər məqsədlər, maddi məqsədlər üzərində deyil, daha çox təbii istək və məhəbbət üzərində qurulacaq".
Astroloq deyir:
- Əjdahanın təlqin etdiyi meyarlardan biri də sevənlərdə sərbəstliyin və müstəqilliyin bərqərar olmasıdır. Müşahidələr göstərir ki, yaşadığımız Əjdaha ilində gənclər daha çox öz qərarları ilə hərəkət edir, valideynlərinin və qeyrilərinin fikirinə o qədər də məhəl qoymurlar. Bu il yaranacaq sevgi əlaqələrinin əksəriyyəti təsadüfən baş verəcək. Gəlin belə yerdə fantaziyamızı işə salıb bu təsadüfləri tapmağa çalışaq. Bu, çox güman ki, nəqliyyat vasitələrində, toy-düyündə, qonaqlıqda və digər yerlərdə baş verə bilər. Hətta küçədə və digər obyektlərdə gənc oğlan və qızın toqquşması da uzunmüddətli məhəbbət hissləri yarada bilər. Sevgi hisslərinin mövcudluğuna inanmayan gənclərin nəzərinə çatdırırıq ki, 2012-ci ildə onlar aldanmaya və xəyanətə tuş gəlməyəcəklər. Ən azı ona görə ki, Əjdaha belə xislətə malik adamları yerindəcə cəzalandırar. Unutmayaq ki, qorxunc varlıq adlandırdığımız bu məxluq öz enerjisini təmiz eşqdən, saf məhəbbətdən alır.
- Əjdaha ilinə astrobaxışınız necədir?
- Rəngi Qara, ünsürü isə Su olan Əjdaha ili 2012-ci il yanvarın 23-də, Bakı vaxtı ilə saat 12:42-də start götürür.
Qədim inanclara görə, göstərilən dəqiqədə Göy sferasının şimal yarımkürəsinə kim baxsa, Göy qübbəsində bərqərar olan heyvanın təsvirini görər. Hətta yaşadığımız çağda da bunun gerçək olduğunu deyənlər var. Hər halda, yoxlamaq pis olmazdı.
Bir qayda olaraq Əjdaha ili insanlarda daxili azadlıq, xoş əhval, yaradıcılığa hədsiz həvəs, dunyanı dərk etmək, məsuliyyət hissinin yüksəlişini təlqin edir. O, illər üzrə tərtib olunmuş Zodiakda yeganə heyvandır ki, heç kim görməyib. Əgər it, at, qaban, xoruz, keçi, pişik, ilan və s. ətrafımızda kifayət qədərdirsə, haqqında bəhs etdiyimiz heyvanı bu vaxta qədər "gördüm" deyən olmayıb. Biz onun haqqında yalnız nağıllarda və əfsanələrdə oxumuş, məlumatlanmışıq. Hətta onun rəsmi də müxtəlif dövrlərin rəssamlıq məktəblərinin məhsuludur. Hesab edilir ki, Əjdaha xəyallarda gəzsə də, reallığa yaxın olmasa da, həmişə insanların həndəvərində durur, onların ideyalarını gerçəkləşdirməyə çalışır. Ümumiyyətlə isə, bu heyvan nəinki Şərqdə, həmçinin Qərbdə də xəzinələrin, sirlərin, bütün gizli işlərin himayəçisi, fövqəladə güc sahibi, eləcə də amansızlığın qatı düşməni kimi qəbul olunur. Onlar mağaralarda tək yaşadığından insanlarda da tənhalığa meyli gücləndirirlər. Bu baxımdan hissləri duymaq, Tanrıya yaxın olmaq, məkrli fikirləri oxumaq və öyrənmək, dünyanı dərk etmək əlverişli olsa da, qarşılıqlı münasibətlərdə, xüsusən də tərəfdaşlıq və müttəfiqlik zəminində passivlik yaradır. İnsanların bir-birinə inamsızlığı da məhz deyilən ərəfəyə təsadüf edir. Buna baxmayaraq, o, cəsarətli adamlara gözəl şərait yaradır, onları qəhrəmanlaşdırır, gələcəyini parlaq edir, dostu düşməndən ayırmaqda yardımçı olur.
Şərq münəccimləri Əjdaha ilə mülayim davranmağı, ona hörmətlə yanaşmağı tövsiyə edirlər. Çünki bu heyvanla dostluq etmək daha yaxşıdır, nəinki savaşmaq. Yoxsa onsuz da "nadir canlı" olan bu varlığın adı, necə deyərlər, "Qırmızı kitab"a düşər.
Əjdaha taleyin ən avtoritet simvolu hesab olunur. Şərqdə onu asimanın enerji mənbəyi hesab etdiklərindən onun gəlişini aktivləşmə dövrü kimi də dəyərləndirirlər. Xarici dillərin oyrənilməsi, intellektin yüksəldilməsi, eləcə də mədəniyyət sahəsində nailiyyətlər də məhz onun himayəsində daha geniş vüsət alır. Əjdaha fəaliyyətdə müvəffəqiyyətin, güc və enerjinin, müdrikliyin simvolu kimi qəbul olunur. Bu heyvanın biclik işlətməklə, hücum etməklə, zəifləri ovlamaqla işi olmasa da, olduqca həssas, emosional və hədsiz dərəcədə müstəqildir. Amma çinlilərin təbirincə, "Əjdaha fəaliyyətdən daha çox ağlın müdrikliyidir".
Astroloji bilgilərə görə, Əjdaha ilində baş verən hadisələr gözlənilmədən, qısa zaman kəsimində cərəyan edir. Amma tarixi xronologiyaya nəzər salsaq, görərik ki, Əjdaha ilində böyük müharibələr, dövlətlərarası münasibətlərdə kəskin konfliktlər müşahidə olunmur, əksinə, sülh sazişləri, münaqişələrin sabitləşməsi nəzərə çarpır. Olsa-olsa, məhəlli müharibələr baş verir ki, bu da dünyanı o qədər də narahat etmir. Əjdaha ilinin yaratdığı müəmmalar yalnız 12 illik tsikl başa çatdıqdan sonra aydınlaşır. Sadə dillə desək, onun dövründə yaranmış siyasi qalmaqallar növbəti Əjdaha ilində sona yetir..
|
|
|
Oxşar xəbərlər:
2010: gözlənən siyasi və hərbi hadisələr
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"
2010 bahalaşma ilə yadda qalacaq
Gəln ilin büdcə layihəsi hazırlanıb
Bu il üçün inflyasiya proqnozu - 11,2 faiz
|
|
|