"Təhsil krediti haqqında" qanuna ehtiyac var
 |
Qanunun qəbulu ilə universitetlərin işləri bir qədər yüngülləşər
Şənbə, 07.01.2012
|
|
İnkişaf etmiş ölkələrdə tələbələrə təhsil kreditləri verilir. "Azərbaycanda da bu təcrübənin tətbiqi müsbət nəticələr verəcək. Bu tələbələrin arasında təhsil haqqını ödəməkdə çətinlik çəkənlər də az deyil. Ona görə də, bütün dünyada olduğu kimi, Azərbaycanda da "Təhsil krediti" haqqında qanunun qəbulu vacibdir", - deyən MM Elm və təhsil komitəsinin üzvü, deputat Əhməd Vəliyevin sözlərinə görə, bu gün Azərbaycan reallığı ondan ibarətdir ki, ödənişli əsaslarla təhsil alan tələbələr çoxdur.
Vəliyev qeyd edir ki, qanunun qəbulu ilə universitetlərin işləri bir qədər yüngülləşər. "Çünki təhsil haqqını ödəyə bilməyib gecikdirənlər bu kredit vasitəsilə borclarını ödəyə biləcəklər. Eyni zamanda, bu həm də təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin rahat təhsil almasına şərait yaradacaq" - deyə millət vəkili vurğulayır.
Vəliyev deyir ki, sənəddə təhsil kreditinin uzun müddətə verilib bərpa olunması nəzərdə tutulub: "Qanun layihəsinin müzakirəsi zamanı biz çalışacağıq ki, bu kreditin mümkün qədər çox uzun müddətə qaytarılması öz əksini tapsın".
İqtisadçı millət vəkili Əli Məsimli də düşünür ki, imkansız ailələrin övladları üçün bu, vacibdir. Azərbaycanda nisbətən imkansız, maddi durum sarıdan vəziyyətləri bir o qədər yaxşı olmayan ailələrin övladlarının ali məktəblərdə öz təhsillərini problemsiz şəkildə davam etdirmələri üçün "Təhsil krediti haqqında" qanunun qəbuluna zəruri ehtiyac duyulur.
Onun sözlərinə görə, hələ üçüncü çağırış parlament dövründə deputat həmkarı Vahid Əhmədovla bu məsələni parlament rəhbərliyi qarşısında qaldırıb və hətta ötən müddət ərzində öz həmkarı ilə birlikdə "Təhsil krediti haqqında" qanun layihəsinin ilkin variantını belə hazırlayıblar:
"Biz bu məsələni az qala hər sessiya, hər çıxışımız zamanı dilə gətirir, parlament rəhbərliyi qarşısında qaldırırıq. Amma təəssüflər olsun ki, hər dəfə təşəbbüsümüz havadan asılı vəziyyətdə qalmış olur. Bununla belə, bu günlərdə öz işini başa çatdıran yaz sessiyasının əvvəllərində bu məsələyə komitə sədri tərəfindən müsbət münasibət ifadə olundu. Yəni o da belə bir qanun layihəsinin ən azı komitə səviyyəsində müzakirəsini istisna etmədi. Bu baxımdan inanırıq ki, nəhayət, bu məsələ ilə bağlı qanun layihəsi növbəti sessiyalardan birinin müzakirəsinə çıxarılacaq və geniş müzakirələrdən sonra qəbul olunacaq".
Məlumat üçün: ölkəmizdə bir neçə bank 3-12 ay arasında təhsil krediti verir. Kredit ən aşağı 19,3, ən yuxarı isə 26 faizlə verilir. Banklardan istehlak kreditləri alanlar yaxşı bilirlər ki, bu şərtlərlə məişət avadanlıqları da almaq mümkündür. Yəni əslində bu növ kreditlər - istehlak kreditləri soyuducu, televizor, kondisioner, paltaryuyan almaq üçün verilir.
Bir sıra banklar isə eyni şərtlərlə təhsil krediti verirlər.
Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə təhsil kreditləri 3-5 faiz arasında verilir. Ancaq bir sıra ölkələrdə təhsil kreditləri 10 faizə qədər çatır. Qonşu Rusiyada bu rəqəm 5,5 faiz təşkil edir. Mərkəzi Bankın uçot dərəcəsi 2 faiz olduğundan Əli Məsimli təhsil kreditlərinin 5 faizlə verilməsini məqbul sayır. Buradakı 3 faiz bankların qazancıdır. Müsahibim hesab edir ki, banklar buna getməlidir.
"Amma məsələ ondadır ki, təhsil kreditlərinin mənbəyi təkcə dövlət vəsaiti olmamalıdır. Banklar da öz maliyyə resurslarından bu məqsədlə istifadə edə bilərlər. Amma bir məsələ də var ki, 26 faizə kredit verən bankların 5 faizlə kredit verməsi mümkün deyil. Sirr deyil ki, banklar mənfəətlərini daha çox düşünürlər. Təcrübəsini araşdırdığım ölkələrdə təhsil kreditlərini maliyyələşdirmək üçün mütləq büdcədən vəsait ayrılır. Əgər dövlət vəsait ayırarsa, deməli, Mərkəzi Bank faiz dərəcələrinin aşağı olmasını şərt kimi qoya bilər. Bilirsiniz, dövlət bu prosesə dəstək verməsə, xüsusən ilkin beş ildə yardımçı olmazsa, qanun qəbul edilsə də, kağız üzərində qalacaq. Yenə də aztəminatlı ailələrin uşaqları ali təhsil almayacaqlar, ali təhsil alanların sayında artım olmayacaq. Bu qanun dövlətin və təhsil almaq istəyənlərin hüquqlarını müdafiə edir".
Əli Məsimli deyir ki, hazırladığı qanun layihəsində ədalətin qorunduğu və tələbələri daha yaxşı çalışmağa sövq edən, stimul verən maddələr var. Layihə qəbul edilərkən heç bir dəyişiklik olmazsa, 600 baldan yuxarı bal toplayanlar təhsil haqqından azad olacaqlar. Millət vəkili etiraf edir ki, bu, barmaqla sayılacaq tələbələri əhatə etsə də, çox mühüm məsələdir:
"Aztəminatlı təbəqə üçün təhsil krediti faizsiz verilməlidir. Əgər həmin tələbə bakalavrı əla qiymətlə bitirərsə, avtomatik olaraq təhsil kreditini qaytarmaq öhdəliyi ləğv edilir və dövlət bu xərci öz üzərinə götürmüş olur. Bu da gənclərdə stimul yaradır ki, onlar çox yaxşı oxusunlar. Qanun layihəsində qeyd olunur ki, özəl universitetlərdə belə əla qiymətlərlə oxuyanlar faiz dərəcələrindən azad olunmalıdırlar. Zəif oxuyanlar isə pulun əsas hissəsi ilə yanaşı, təbii ki, faizlərini də ödəməlidir".
|
|
|
Oxşar xəbərlər:
Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır
Narışkin Bakıda mərasimlərdə iştirak edəcək
Məhkəmə barışıqla başa çatdı
Kənd müəllimlərinə güzəşt
Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq
|
|
|