Dünən səhər saat 11:00 radələrində təxminən 100 nəfər müxalifət fəalı Nərimanov parkından Naxçıvan nümayəndəliyinə doğru yürüş edərək Naxçıvan Muxtar Respublikasında qondarma ittihamla həbs edilən və işgəncələrə məruz qalan AXCP üzvü Zeynal Bağırzadənin hüquqlarının müdafiəsi və Muxtar Respublikadakı özbaşınalığa etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçılarından Ağaşirin Tanrıverdiyevin "Turan"a verdiyi məlumata görə, polis əvvəlcədən həmin əraziləri mühasirəyə alıb. Aksiyada "Vasif Talıbova istefa!", "Biz azadlıq istəyirik!" şüarları səsləndirilib. Polis aksiyanı dağıdıb, dörd nəfər saxlayıb.
Dekabrın 26-da NMR baş prokurorunun təqdimatı əsasında Naxçıvan şəhər məhkəməsində hakim Mehman Dünyamaliyevin sədrliyi ilə keçirilən prosesdə haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilmiş AXCP fəalı Zeynalabdin Bağırzadənin səhhətində ciddi problem yaranıb. Bu barədə AYNA-ya Z.Bağırzadə ilə görüşən RATİ-nin Naxçıvan müxbiri, hüquq müdafiəçisi Elman Abbasov məlumat verib.
"28 dekabr saat 10.00 radələrində Zeynalabdin Bağırzadə Muxtar Respublika Prokurorluğuna, sonra tibbi müayinədən keçirmək üçün Naxçıvan MR Əlillərin Bərpa Mərkəzinə aparılıb. Prokurorluqda Bağırzadə ilə görüşən qohumları gecə onun vəziyyətinin pisləşdiyini, qusduğunu və mədəsindən qan gəldiyi üçün ona tibbi yardım göstərildiyini bildirdilər", - deyə E. Abbasov xəbər verir.
Dünən günün ikinci yarısında Z.Bağırzadə yenidən Naxçıvan Diaqnostika Mərkəzinə gətirilib və müayinədən keçirilib. Həmin vaxt, qısa müddətə olsa da, qanuni nümayəndəsi Elman Abbasov onunla görüşə bilib:
"Prokurorluğun, Penitensiar Xidmətin əməkdaşları ilə bərabər MTN müstəntiqi də orada idi. Səhhəti ilə maraqlandım. Hər yerinin ağrıdığını, xəstə olduğunu, mədəsinin bulandığını, mədəsindən qan gəldiyini, şəkərinin qalxdığını bildirdi. Üzü sarılmışdı və iki gün ərzində xeyli arıqladığı açıq hiss olunurdu. Abbasovun sözlərinə görə, nə Diaqnostika Mərkəzi, nə də Penitensiar Xidməti əməkdaşları Bağırzadənin səhhəti barədə məlumat veriblər. Diaqnostika Mərkəzində müayinə edildikdən sonra Bağırzadə yenidən İstintaq Təcridxanasına aparılıb. E.Abbasov deyib ki, Bağırzadə həbs olunan son dəqiqəyə qədər onun yanında olub. Bağırzadə sağlam olub və səhhətindən şikayətlənməyib. Həbsinin ikinci günü gecə saatlarında vəziyyətinin ağırlaşması, mədəsində ağrıların yaranması və mədəsindən qan gəlməsi, şəkərinin qalxması, özünü halsız hiss etməsi onun işgəncəyə və psixoloji təzyiqə məruz qalma ehtimalını artırır.
Hüquq müdafiəçisi əlavə olaraq qeyd edib ki, təcridxanada görüş verilməsə də, Penitensiyar Xidmətin əməkdaşları Bağırzadəyə aparılan ərzağı və geyim əşyalarını qəbul ediblər. İstintaq dövrü olduğu üçün prokurorluğun məktubu əsasında görüşün mümkün olacağı bildirilib. Bağırzadəyə dövlət hesabına tutulmuş vəkil hüzn yerlərinin olduğunu, apellyasiya şikayətinə baxılan zaman prosesdə iştirak edə bilməyəcəyini bəhanə gətirərək məhkəmənin qərarından apellyasiya şikayəti verməkdən, hətta Bağırzadənin özünün apellyasiya şikayəti yazmasına şərait yaratmaqdan imtina edib. Çətinliklər olsa da, Bağırzadənin özü artıq məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Belə ki, AXCP Naxçıvan MR təşkilatının sədri, Z.Bağırzadənin qardaşı Y.Bağırsoy təcridxanada qardaşına işgəncə verildiyini iddia edir:
"Həkimlər Zeynal Bağırzadəyə mədə xəstəliyi diaqnozu qoyublar, Məhkəmə günü yanında olmuşam. Sağ-salamat təcridxanaya yola salmışam. Heç bir problemi yox idi. Ümumiyyətlə, Zeynalabdin heç vaxt mədəsindən şikayət etməyib. Ona ağır işgəncə veriblər. Mədə xəstəliyi bəhanədir".
Məsələ ilə bağlı cinayət işini aparan ədliyyə müşaviri İlqar Əkbərov müxbirimizə Bağırzadəyə yaxşı baxılması üçün xüsusi olaraq Penitensiar Xidmətə tapşırıldığını, ona orada işgəncə verilməsinin mümkün olmadığını, səhhəti ilə bağlı lazım olan dərmanların ona çatdırıldığını bildirib.
Zeynalabdin Bağırzadə haqqında AR CM 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
|