NATO Çikaqo sammiti öncəsi: cərəyan edən proseslər
 |
Alyans üzvləri 2014-cü ildən sonra Əfqanıstanın sabit gələcəyinə inanırlar, gələn il ciddi qərarların qəbulu gözlənilir
Şənbə, 31.12.2011
|
|
Dekabrın 13-14-də Brüsseldə, NATO mənzil-qərargahında tərəfdaş ölkələrdən olan vətəndaş cəmiyyəti fəalları üçün ictimai diplomatiya seminarı idi. Azərbaycan, Gürcüstan, Ermənistan, Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan, Makedoniya, Monteneqro, Finlandiya və Serbiyadan olan fəallar NATO-nun 20-21 may 2012-ci il Çikaqo sammiti ərəfəsində cərəyan edən proseslərə həsr olunmuş bu vacib tədbirdə iştirak edirdilər. NATO İctimai Diplomatiya Bölməsi və alyansın tərəfdaş ölkələrdə əlaqə səfirlikləri (CPE) tərəfindən düzənlənən tədbirdə Azərbaycanı qəzetimizin əməkdaşı, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru, bu sətirlərin müəllifi Cəsur Məmmədov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının rəhbəri Gülsel Səfərova təmsil edirdi.
NATO-nun 4-cü HƏYATI
İkigünlük tədbirin gedişində NATO ekspertləri alyansın mövcud və gələcək siyasəti ilə bağlı fikir və rəylərini açıqladılar. NATO Baş Katibliyi Ofisinin Siyasət Planlaşdırması Bölməsindən siyasi məsləhətçi Alexandros Papaioannou (Alexandros Papaioannou) NATO-nun Çikaqo sammitinə doğru siyasi gündəliyindən danışdı. Onun sözlərinə görə, NATO-nun yaranışından bu günə qədərki həyatını 3 dövrə bölmək olar. Bunlar 1949-1991, 1991-2001, 2001-2011 və 2011-ci ildən başlanan dövrləri əhatə edir. Əgər 2001-2011-ci illərdə terrorizmə qarşı beynəlxalq mübarizə, Əfqanıstanda sabitləşdirmə əməliyyatları ilə müşayiət olunurdusa, 2011-ci ildən başlanan 4-cü həyat çox sərt iqtisadi böhran şəraitində davam edir. Ekspert qeyd etdi ki, NATO-nun 2010-cu il Lissabon sammitində qəbul olunmuş Yeni Strateji Konsepsiyası alyansın mövcud və perspektiv strategiyasını müəyyənləşdirir.
NATO VƏ RUSİYA: RƏM ÜZRƏ KOOPERASİYA PERSPEKTİVİ
NATO ekspertlərinin fikrincə, Çikaqo sammitində bir sıra NATO ölkələrinin nüvə silahları ilə bağlı məsələ müzakirə obyekti olacaq. Eyni zamanda Rusiya nüvə silahlarının mövcud durumu və perspektivi də müzakirə obyekti olacaq. Çikaqo sammitində eyni zamanda Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin implementasiyası müzakirə hədəfi olacaq. Ümumi yanaşma ondan ibarətdir ki, RƏM sistemi təkcə ABŞ-ın müdafiə potensialı deyil, eyni zamanda bütün NATO-nun olmalıdır. Bu sistemin qurulmasına və fəaliyyətinə lazım gələn texnika və maliyyə məsələləri müttəfiq dövlətlər arasında bölüşdürülməlidir. Nəzərə alınmalıdır ki, bu istiqamətdə siyasi razılaşma 2010-cu il Lissabon sammitində əldə olunub, hazırda onun implementasiyası istiqamətində müzakirələr davam edir. Daha bir istək onunla bağlıdır ki, NATO və Rusiya RƏM sistemini kooperasiya etməlidir. NATO ekspertləri Çikaqo sammitində Rusiya ilə qeyd edilən istiqamətdə əməkdaşlığın inkişafını görəcəklərinə ümid edirlər.
Lakin bu prosesə mane olan məqamlar var. Xüsusilə də Rusiyada parlament seçkilərinin nəticələri qeyd edilən istiqamətdə yüksək nəticələr əldə etməyə imkan vermir. Bu gün Rusiya və NATO arasında RƏM sisteminə münasibətdə yanaşma fərqləri çox böyükdür.
NATO-nun diqqət mərkəzində olan məsələlərdən biri Əfqanıstanın təhlükəsizliyidir. Çikaqo sammitində bu mövzunun müzakirə hədəfi olacağı istinasızdır. Hədəf 2014-cü ildən sonrakı müddətdə Əfqanıstanın sabitliyi istiqamətində NATO-nun polis və təhlükəsizlik qüvvələrinə yardımıdır. NATO artıq Əfqanıstan ərazisində döyüş əməliyyatlarını bitirib. Ümid edilir ki, bundan sonrakı dövrdə əfqan polisi və təhlükəsizlik qrupları Əfqanıstan ərazisinə nəzarət imkanlarına malik olacaqlar. Çikaqo sammitində bu məsələnin detalları müzakirə obyekti olacaq.
TƏRƏFDAŞ ÖLKƏLƏRLƏ ƏMƏKDAŞLIQ GÖZLƏNTİLƏRİ
Çikaqo sammitində əsas müzakirə obyekti olacaq məsələlərdən biri NATO üzvü olmayan ölkələrlə əməkdaşlığı inkişaf etdirmə yollarının tapılmasıdır. Bəllidir ki, NATO 1994-cü ildən tərəfdaşlarla əməkdaşlığı Sülh Naminə Tərəfdaşlıq (PfP) proqramı çərçivəsində davam etdirir. Bu və digər əməkdaşlıq sənədləri çərçivəsində Orta Asiya, Güney Qafqaz, Körfəz, Şimali Afrika ölkələri, Çin, Yaponiya, Avstraliya və xeyli sayda digər ölkələrlə əməkdaşlıq qurulub. Bu siyasət NATO üçün bir sıra hədəflərin reallaşdırılması anlamındadır:
1) Tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək siyasi dialoqun genişləndirilməsi hədəfini güdür. NATO bu siyasət çərçivəsində öz taktiki və strateji hədəflərini tərəfdaş ölkələrə təqdim edir və bu da münasibətlərin daha da istiləşməsinə, daha təhlükəsiz dünya yaradılmasına səbəb olur;
2) Tərəfdaş ölkələrlə əməkdaşlığın və münasibətlərin irəliləməsi imkanların inkişafı baxımdan xüsusi önəm daşıyır. Maliyyə böhranı illərində bu, özəlliklə vacibdir və tərəfdaş ölkələrin, xüsusilə də bir sıra Şərqi Avropa ölkələrinin hərbi imkanlarının təmin olunmasında müsbət təsirlərini göstərir;
3) Tərəfdaşlarla əməkdaşlığın dərinləşməsi xüsusi bir hədəfin - hərbi uyarlılığın yaranması baxımdan xüsusi əhəmiyyət kəsb edir. NATO və tərəfdaşları hərbi imkanlarını bərabərləşdirmək siyasətini yürüdürlər, bu isə birgə əməliyyatlarda müsbət nəticələri ortaya qoyacaq. Bu siyasət çərçivəsində Mərakeş, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Liviya və s. tərəfdaş ölkələr birlikdə addımlar atmaq imkanında oldular.
Çikaqo sammitində tərəfdaş ölkələrin NATO-nun qəbul etdiyi qərarların implementasiyası prosesində yaxından iştirak etmək, bu istiqamətdə planlaşdırmaya öz töhfələrini vermək imkanları olacaq. Qeyd edək ki, Lissabon sammiti ərəfəsində müzakirə olunan məsələlərdən biri NATO əməliyyatlarında aktiv iştirak edən, amma alyans üzvü olmayan tərəfdaş ölkələrin qərar qəbulu prosesində (decision-making) iştirak perspektivi ilə bağlı idi. Amma NATO ekspertlərinin sözlərinə görə, hazırda bu məsələ ilə bağlı hər hansı müzakirə getmir - tərəfdaşların yalnız qərarların formalaşdırılması və yerinə yetirmə prosesində (decision-shaping) fəal iştiraka cəlbolunma perspektivi var. NATO Çikaqo sammitinin hədəflərindən biri ərəb dünyası ilə əməkdaşlığı daha da dərinləşdirməkdir. Artıq Misir, Liviya və Tunisdə vəziyyət getdikcə yaxşılaşır. NATO ekspertləri bu ölkələrin Qərblə əməkdaşlığının güclənəcəyini gözləyirlər. Ümumi yanaşma ondan ibarətdir ki, ərəb dünyasında baş verənlər regionun sabitləşməsi və təhlükəsizliyin təmin olunması baxımından xüsusi zərurət idi.
"SMART DEFENCE" NƏ DEMƏKDİR?
Çikaqo sammitində baxılacaq məsələlərdən biri "Smart Defence" proqramıdır. Bu proqram mahiyyətcə yenidir və üzv ölkələrin dünya maliyyə böhranı çərçivəsində daha səmərəli fəaliyyətini nəzərdə tutr. Ümumi yanaşma belədir ki, NATO-nun qarşılaşacağı xərcləri üzv ölkələr bərabər şəkildə bölüşməlidir. Qeyd edək ki, NATO ölkələrinin Ümumi Daxili Məhsulun 2 faizini müdafiəyə ayırmaq öhdəliyi mövcuddur...
|
|
|
Oxşar xəbərlər:
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Kişinyov sammiti başa çatdı
Xəzər Sammitinin tarixi müəyyənləşdi
"Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görmür"
"Kişinyovda Qarabağa dair sənəd imzalanmayacaq"
|
|
|