Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
RF Hərbi Doktrinası: hədəfdə nələr var?
RF Hərbi Doktrinası: hədəfdə nələr var?
Kollektiv Çevik Əməliyyat Qüvvələrinin yaradılması Azərbaycan və Gürcüstan kimi ölkələrin hərbi təhlükəsizlik maraqlarına təhdiddir
Şənbə, 31.12.2011

mətn ölçüsü  

"Hərbi Analitik Tədqiqatlar Mərkəzi" İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə "Region ölkələrinin hərbi doktrinaları - stabillik, yoxsa qarşıdurma təhlükəsi" adlı layihə çərçivəsində yekun sənəd hazırlayıb. "Ordunun Aynası"nda 6 ölkənin hərbi doktrinaları və hərbi- doktrinal sənədləri üzrə yekun araşdırma sənədi hissə-hissə oxuculara təqdim edilir. Bu dəfə Rusiya Federasiyasının Hərbi Doktrinasının təhlilini diqqətinizə çatdırırıq.

Sürətlə dəyişən geopolitik və geostrateji şəraitdə bütövlükdə MDB məkanında, eyni zamanda Cənubi Qafqaz və Xəzər regionunda hərbi-siyasi vəziyyətə, sülh və sabitliyə təsir edən başlıca amil hələ də Rusiyadır. Yaxın perspektivdə bu durumda köklü dəyişiklik ehtimalı az görünür. Bu baxımdan ilk növbədə Rusiya Federasiyasının (RF) hərbi doktrinasının analizi və qiymətləndirilməsi daha düzgün olardı.

5 fevral 2010-cu ildə təsdiq olunan RF hərbi doktrinası strateji planlaşdırmanın, eyni zamanda hərbi sahədə strateji planlaşdırmanın əsas sənədlərindən biri olduğuna görə onun 1.4 maddəsinə xüsusi diqqət yetirmək lazımdır. Burada hərbi vasitələr də daxil olmaqla bütün müdafə vasitələrindən istifadə olunmaqla, RF ilə bərabər onun müttəfiqlərinin də milli maraqlarının müdafiəsi nəzərdə tutulur. RF-nin hərbi-siyasi müttəfiqlərindən biri də Azərbaycan ərazisinin 16%-ni işğal edən, bu səbəbdən də onun açıq düşmən elan etdiyi Ermənistan olduğundan hərbi doktrinanın bu müddəası konkret şəraitdə bu iki qonşu dövlət arasında mövcud olan konfliktin həllini çətinləşdirməklə bərabər, regionda qarşıdurmanı gücləndirir, sülh və sabitliyə mənfi təsir edir.

Sənədin 1.5-ci maddəsinə görə, onun müddəaları prezidentin Federal Məclisə müraciətində konkretləşdirilir və hərbi sahədə strateji planlaşdırma (hərbi planlaşdırma) çərçivəsində korrektə oluna bilər. RF-nin Ermənistanı Cənubi Qafqazda özünün forpostu elan etdiyi, regionda ən böyük hərbi bazasının burada yerləşdiyi və 2008-ci ilin Gürcüstan böhranı da nəzərə alınarsa, Ermənistan-Azərbaycan konfliktinin yenidən alovlandığı halda bu müddəanın Azərbaycana və bütövlükdə regional sülh və sabitliyə nə "vəd" etdiyini proqnozlaşdırmaq elə də çətin deyil.

RF daxilində, Şənubi Qafqazda etnik separatizmin, aşağı intensivlikli hərbi konfliktlərin olması və bu kimi halların HD-nin 1.6-cı maddəsində daxili hərbi təhdid və təhlükələr kimi nəzərə alınması, bununla bağlı bu regionda silahlı qüvvələrin cəmlənməsi də regional sülhə və sabitliyə mənfi təsir etməkdədi.

HD-nin 2.7-ci bəndinə görə, adi və nüvə silahından istifadə olunmaqla Rusiyaya qarşı irimiqyaslı müharibə ehtimalı azalsa da, dünyada, eyni zamanda onunla həmsərhəd regionlarda çoxlu həll olunmamış regional konfliktlərin varlığı, onların hərbi yolla həlli tendensiyasının qalması bir sıra istiqamətlərdə hərbi təhdid və təhlükələri artırır. Bu da RF-nin regional konfliktlərə, onların, eyni zamanda onlar vasitəsilə region ölkələrinin idarə olunmasına və təsir altında saxlanmasına nə dərəcədə əhəmiyyət verdiyini göstərir.

Bir tərəfdən RF HD-nin 2.8-ci maddəsində:

- NATO-ya qlobal funksiyaların verilməsinin və alyansın genişlənməsinin;

- ayrı-ayrı dövlətlərdə və regionlarda qeyri-sabitliyin yaradılması (əsasən "məxməri" inqilablar nəzərdə tutulur - müəllif), müttəfiqlərin daxili işlərinə qarışma, strateji sabitliyin pozulması cəhdlərinin;

- Rusiya və müttəfiqləri ilə həmsərhəd olan ölkələr daxilində münaqişələrin olmasının (yaranmasının);

- beynəlxalq terrorizmin yayılmasının;

- Rusiya və müttəfiqləri ilə həmsərhəd rayonlarda millətlər və dinlərarası gərginlik ocaqlarının yaranması, ərazi münaqişələrinin olması və separatizmin artmasının əsas xarici hərbi təhdidlər sırasında göstərilməsi, digər tərəfdən də:

- NATO-nun yeni strateji konsepsiyasına görə, məkan xaricində əməliyyatların legitimlik qazanması və alyansın "açıq qapı" siyasətini davam etdirməsi, eyni zamanda Gürcüstanın alyansa üzvlüyü üçün prinsipial qərar qəbul etməsi (aprel 2008, Buxarest);

- ABŞ və AB-nin dünyada, eyni zamanda region ölkələrində demokratiya və azadlıqları ölkələrin daxili işi hesab etməyərək müdafiə etməsi;

- Cənubi Qafqazda münaqişələrin (Abxaziya, Cənubi Osetiya və Ermənistan-Azərbaycan) həll edilməməsi, onların yenidən alovlanma potensialı daşıması;

- beynəlxalq terrorizmin Şimali Qafqaza yayılması;

- Şimali və Cənubi Qafqazda millətlər və dinlər arası gərginliyin artması, ərazi münaqişələrinin olması və separatizmin artması bütövlükdə regional sülh və sabitliyə, təhlükəsizlik mühitinə, demokratiyanın inkişafına mənfi təsir göstərir.

2008-ci ilin avqustunda Rusiyanın NATO-ya üzv olmaq istəyən demokratik Gürcüstana təcavüzü, onun tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıması, bu separatçı qurumların ərazisində yeni hərbi bazalar yaratması, daha sonra, 2010-ci ildə Ermənistanda yerləşən hərbi bazasının müqavilə müddətinin 2047-ci ilə (!) qədər uzadılması, bütövlükdə regionda hərbi varlığını artırması və möhkəmləndirməsi onun bu doktrinal baxışlarının nə dərəcədə təhlükəli olduğunu əyani şəkildə göstərir.

Sənəddə raket hücumundan öncədən xəbərvermə sisteminin işinin pozulması da əsas hərbi təhdidlər arasında yer alır. Bu sistemə daxil olan Qəbələ RLS-nin Azərbaycan ərazisində yerləşməsini nəzərə alsaq, ölkəmizin bu səbəbdən də ciddi potensial təhdidlə üz-üzə olduğu aydınlaşar. HD-də Rusiya və müttəfiqləri ilə həmsərhəd olan ölkələrin (eyni zamanda, Azərbaycan və Gürcüstanın - müəllif) ərazisində hərbi təlimlər keçirilən zaman təhrik məqsədilə hərbi güc nümayiş etdirilməsinin də əsas hərbi təhdidlərdən biri kimi qiymətləndirilməsi mövcud regional hərbi-siyasi şəraitdə xüsusi narahatlıq yaradan baxışdır. Belə ki, Rusiya hər hansı bir qonşusuna, o cümlədən Azərbaycana hərbi müdaxilə etmək niyyətinə düşərsə, onun ərazisində keçirilən hər hansı bir hərbi təlimi bəhanə edərək hərbi gücdən istifadə edə və ya etməklə hədələyə bilər.

Ayrı-ayrı ölkələrin silahlı qüvvələrinin qismən və ya tam mobilizasiya olunaraq fəaliyyətini aktivləşdirməsinin, dövlət və hərbi idarəetmə orqanlarının işinin hərbi vəziyyət şəraitinə keçirilməsinin belə sənəddə əsas hərbi təhdidlər sırasına daxil edilməsi Rusiya hərbi doktrinasının nə dərəcədə aqressiv və təhdid mənbəyi olduğunu göstərir. Bu müddəa regional təhlükəsizlik, xüsusən də Azərbaycan və Gürcüstan üçün potensial hədə kimi də qiymətləndirilə bilər.

HD-də Rusiya ilə bərabər müttəfiqlərinin də silahlı müdafiəsi (18-ci maddə) nəzərdə tutulur. Rusiyanın müttəfiqlərindən birinin də Azərbaycanın açıq düşməni, onunla müharibə vəziyyətində olan Ermənistan olduğundan imperiya ambisiyalarından əl çəkməyən Moskvanın hərbi siyasətinin regional sülh və sabitlik, təhlükəsizlik, xüsusən də ölkəmiz üçün nə dərəcədə təhlükəli olduğunu göstərir. Sənəddə təcavüzkar Ermənistanın da üzv olduğu KTMT-nin möhkəmləndirilməsi və potensialının artırılması RF-nin əsas vəzifələrindən biri kimi qeyd edilir (HD 19-cu maddə). Bu da mövcud regional şəraitdə KTMT üzvü olmayan Azərbaycanın və Gürcüstanın hərbi təhlükəsizlik maraqlarına zidd olmaqla bərabər sabitliyə, sülh və təhlükəsizliyə xidmət etmir.

RF HD-nin 20-ci maddəsində göstərilir ki, Rusiya öz sərhərlərindən kənarda olan vətəndaşlarını müdafiə üçün də Silahlı Qüvvələrdən və digər qoşunlardan istifadə edə bilər. RF-nin hərbi böhrandan öncə Abxaziya və Cənubi Osetiyada Gürcüstan vətəndaşlarına öz milli pasportlarını verdiyini, qonşu ölkəyə hərbi müdaxiləsinə göstərdiyi "əsaslar"dan birinin də öz vətəndaşlarını müdafiə etmək olduğunu və Azərbaycanda da bu "təcrübə"yə baş vurmağa cəhd etdiyini nəzərə alsaq, bu siyasətin adıçəkilən region ölkələri, eyni zamanda regional sabitlik və təhlükəsizlik üçün necə böyük təhdid təşkil etdiyi aydın olar.

HD-nin 21-ci maddəsinə görə isə Rusiya müttəfiq dövlətlərə silahlı hücumu və ya hərbi qüvvədən istifadə ilə istənilən hərəkəti təcavüz aktı sayır və bu hərbi hücumu KTMT üzvü olan bütün dövlətlərə, o cümlədən özünə qarşı təcavüz hesab edir və bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsinə uyğun olaraq tədbirlər görməyi nəzərdə tutur. Azərbaycanın hərbi doktrinasına əsasən, açıq düşmən elan etdiyi və müharibə vəziyyətində olduğu Ermənistanın RF ilə hərbi-siyasi müttəfiq olduğu, eyni zamanda bu ölkənin KTMT üzvü olduğu nəzərə alınarsa, bu müddəanın özündə Azərbaycan, eyni zamanda region üçün nə dərəcədə aktual potensial təhdid daşıdığı anlaşılar. Rusiyanın regional konfliktlərin arxasında durduğu, Gürcüstana təcavüzü, həmçinin Ermənistanın Gürcüstana ərazi iddiaları da hesaba alınarsa, bu doktrinal baxışın regional sülh və sabitliyə, təhlükəsizliyə və demokratik inkişafa açıq və potensial mənfi təsirlərinin miqyası daha da aydınlaşar.

KTMT üzvlərinə yönəlik hərbi təhdidlərə operativ reaksiya vermək, eyni zamanda alyansın kollektiv təhlükəsizlik şurasının müəyyən etdiyi digər (?! - müəllif) vəzifələri həll etmək məqsədilə Kollektiv Çevik Əməliyyat Qüvvələrinin (KÇƏQ) yaradılması da regional sülh və təhlükəsizliyə, Azərbaycan və Gürcüstan kimi KTMT üzvü olmayan region ölkələrinin hərbi təhlükəsizlik maraqlarına xidmət etmir. Yeri gəlmişkən, RF-nin yeni HD-də KTMT çərçivəsində yaradılmış KÇƏQ-nin adı bir neçə yerdə çəkilir. Bu da həmin qüvvələrə verilən əhəmiyyətin artmasını göstərir.

HD-nin 26-cı maddəsində isə RF və onun vətəndaşlarının maraqlarını müdafiə məqsədilə silahlı qüvvələrdən Rusiya sərhədlərindən kənarda operativ istifadə olunması nəzərdə tutulur. Bu müddəanın ilk növbədə Rusiyanın təsir zonasından çıxmağa cəhd edən "üsyankar" postsovet ölkələri, o cümlədən Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulması şübhə doğurmur.

RF HD-nin 50-ci maddəsində hərbi-siyasi əməkdaşlığın vəzifələri sırasında MDB üzvü olan ölkələrlə (bura KTMT-yə üzv olmayan Azərbaycan da daxildir) də müttəfiqlik münasibətlərinin inkişafının, eyni zamanda RF-nin iştirakı ilə regional təhlükəsizlik sistemlərinin yaradılması məqsədilə danışıqlar prosesinin inkişafının nəzərdə tutulması bu istiqamətlərdə Azərbaycana və Gürcüstana təzyiqlərin yaxın perspektivdə də artaraq davam edəcəyini göstərir.

O da maraqlıdır ki, Rusiyanın yeni HD-də "regional təşkilatlar" ifadəsi bir neçə dəfə təkrarlansa da, sənəddə Gürcüstan və Azərbaycanın da daxil olduğu GUAM adlı regional təşkilatın adı bir dəfə də xatırlanmır.

RF HD-də (51-ci maddə) onun hərbi-siyasi əməkdaşlıq prioritetlərinin sıralanması: Belarus, KTMT, MDB, ŞƏT üzvləri, BMT və digər beynəlxalq, o cümlədən regional təşkilatlar (burada NATO nəzərdə tutulsa da, adı belə çəkilmir), Rusiyanın hərbi-strateji siyasətinin gələcək inkişaf perspektivini də göstərir. Bu, Rusiya mərkəzli bir siyasət olub rəsmi Moskvanın yaxın və orta perspektivdə imperiya ambisiyalarından əl çəkmək niyyətində olmadığını bir daha göstərir. Sənədin sonunda hərbi təhdid və təhlükələrin xarakterinin, müdafiə və hərbi təhlükəsizliyin təminolunma sahəsində vəzifələrin, RF-nin inkişaf şəraitinin dəyişməsindən asılı olaraq HD müddəalarının dəyişdirilə biləcəyi də qeyd edilir.

Hərbi Analitik Tədqiqatlar Mərkəzi

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır

"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"

Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir

Orduda itkilərin qarşısını necə almalı?

Hərbi səneye müəssisələrinin açılışı olub

Bölmənin digər xəbərləri
 
"NATO və Avropa Birliyinə üzvlük milli maraqlarımıza tam uyğundur"
Politoloq Azər Qasımlı: "Azərbaycana indiki durumunda neytrallıq deyil, davamlı və dayanıqlı müttəfiqlik gərəkdir"

NATO Çikaqo sammiti öncəsi: cərəyan edən proseslər
Alyans üzvləri 2014-cü ildən sonra Əfqanıstanın sabit gələcəyinə inanırlar, gələn il ciddi qərarların qəbulu gözlənilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər