Biləsuvar rayon polis şöbəsində saxlanılan şəxs özünü yandıraraq intihara cəhd edib. Rayon sakini 1983-ci il doğumlu İlqar Zöhrab oğlu Qasımov 6 ay ərzində axtarışda olub. Nəhayət, o, dünən polis tərəfindən yaxalanaraq şöbəyə gətirilib. Lakin saxlanılan şəxs şöbədə dava salaraq polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib. Polis intihara cəhdin qarşısını alıb.
İlqar Qasımov barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsilə cinayət işi açılıb. Biləsuvar Rayon Məhkəməsi İlqar Qasımovun psixi cəhətdən probleminin olub-olmamasının yoxlanılması barədə qərar çıxarıb. Lakin İlqar Qasımov bundan imtina edib və polisdən gizlənib.
Hazırda İlqar Qasımov barəsində Biləsuvar rayon Məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib və o, Bakıya 1 saylı istintaq təcridxanasına göndərilib.
İlqar Qasımovun atası Zöhrab Qasımov isə oğluna şər atıldığını iddia edir. Onun sözlərinə görə, İlqar Qasımov bu ilin yayında ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. Oğlu həyat yoldaşından məsələnin təfərrüatını soruşduqda, o, uşaqkən dayısı oğlu tərəfindən zorlandığını deyib. İlqar Qasımov həyat yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq yaranıb.
|