Ölkə üzrə bu il 28 bələdiyyənin fəaliyyətində hüquq və maliyyə pozuntusu aşkarlanıb, onlardan 15-i üzrə cinayət işi başlanıb. İlin yekun rəqəmləri budur. Bundan başqa, Azərbaycanda 2011-ci ildə 690 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub. Bununla yanaşı, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.
APA-nın Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirlikdə keçirilən kollegiya iclasında bildirilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanmış illik məruzə də müzakirə edilib. Qeyd olunub ki, 2011-ci il ərzində 32 minə yaxın bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılıb və onlardan 1600-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 4.300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin daha da gücləndirilməsi, onlara göstərilən metodiki yardımın səviyyəsinin yüksəldilməsi üzrə davamlı tədbirlərin görülməsi, bu işdə regional ədliyyə şöbələrinin imkanlarından daha geniş istifadə olunması üzrə müvafiq tapşırıqlar verilib.
|