"Rabitə" voleybol klubu 2011-ci ili daha bir titulla başa vurmaq arzusunu gerçəkləşdirdi. Başa çatan ildə Azərbaycan və dünya çempionatının ən güclüsü, Çempionlar Liqasının ikincisi olan komandamız İsveçrədə "Top Volley İnternational" tarixinə öz adını yazdırmağı bacardı. Finalda Fransanın "Kann" komandasını məğlubiyyətə uğradan Bakı klubu turnirin qalibi oldu.
Yarışda serbiyalı mütəxəssis Zoran Qayiçin başçılıq etdiyi "Rabitə" ilə yanaşı, "Severstal" (Rusiya), "Kann" (Fransa), "Volero" (İsveçrə), "Dinamo-Romprest" (Rumıniya) və "Unilever" (Braziliya) klubları da qüvvələrini sınayıblar.
Qeyd edək ki, Azərbaycan 1989-cu ildən keçirilən "Top Volley İnternational" turnirində ilk dəfə təmsil olunurdu. Komandamızın finaldakı rəqibi "Kann" isə az qala bu turnirin daimi iştirakçısıdır. Fransa təmsilçisi hətta yarışın ən çox çempion olan komandasıdır. Onlar Bazeldə keçirilən yarışı 5 dəfə qalib kimi başa vurublar. "Kiçik dünya çempionatı"nın son çempionu isə digər qrupda yer alan "Unilever" olub.
Buna baxmayaraq, Rusiya və Fransa klubları ilə eyni qrupda yarışan "Rabitə" əvvəldən yarışın favoriti hesab olunurdu. "Severstal"a gəlincə, o da "Rabitə" kimi debütantdır. Amma rəqiblərinin gücü "Rabitə" üçün heç də maraqlı deyildi. Çünki 2011-ci ildə Azərbaycanın ən güclü klub komandası seçilən Zoran Qayiçin yetirmələri Bazeldə də bunu bir daha sübut ediblər.
Yarışın ilk günündə Rusiyanın "Severstal" (3:1) və Fransanın "Kann" klubuna (3:0) qalib gələn Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlib. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi - Braziliyanın "Unilever" komandası rəqib olub. Bu rəqibini də yenən (3:0) komandamız finala çıxıb.
Finalda "Rabitə" Fransanın "Kann" klubu ilə qarşılaşıb. Qrup mərhələsində olduğu kimi, komandamız fransızları bu dəfə də məğlubiyyətə uğradaraq, birinci yerə sahib çıxıb. Vaxtilə millimizin şərəfini qorumuş Viktoriya Ravvanın şərəfini qoruduğu "Kann" isə turniri ikinci yerdə başa vurub.
Final:
"Rabitə" (Azərbaycan) - "Kann" (Fransa) - 3:1 (28:26; 25:22; 22:25; 25:21 ).
Üçüncü yerin sahibi isə Braziliyanın "Unilever" klubu olub.
"Rabitə" bununla üçüncü dəfədir beynəlxalq yarışlarda final oyununda çıxış edib. Əgər komandamız Çempionlar Liqasının həlledici görüşündə "Vakıfbank Telekom" klubuna uduzmuşdusa, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bunun əvəzini çıxa bilmişdi.
|