Ərinə xəyanətdə və onun qətlə yetirilməsində ittiham olunaraq daşqalaqla ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiani barəsində çıxarılmış hökmün necə icra olunması məsələsi gündəmə gəlib. APA-nın məlumatına görə, Şərqi Azərbaycan vilayət prokuroru Malik Əjdər Şərifi jurnalistlərə açıqlamasında bildirib ki, hökmün icrası beynəlxalq təzyiqlər nəticəsində dayandırılıb:
"Biz o vaxt İran Ali Məhkəməsinin sabiq sədri Haşimi Şahrudiyə müraciət etdik. Ancaq heç bir tutarlı cavab ala bilmədik. İndi İran Ali Məhkəməsinin yeni sədri ayətulla Sadiq Amoli Laricani bu qadının daşqalaq cəzasının edamla əvəzlənməsinin mümkün olduğunu, bununla bağlı ölkədəki İslam alimləri ilə məsləhətləşmələr aparıldığını deyib. Əgər İslam şəriətində daşqalaq cəzasının edamla əvəzlənməsinə qəti əmin olsaq, hökm dərhal icra ediləcək. Hələlik Səkinə Məhəmmədi Aştiani həbsxanada cəzasını çəkməkdədir". 43 yaşlı iki uşaq anası Səkinə Məhəmmədi Aştiani Təbrizdəndir. 5 ildir İranda həbsdə saxlanır. O, həyat yoldaşı qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2006-cı ildə həbs olunub. Təbriz məhkəməsi əvvəlcə onu 99 zərbə şallaq cəzasına məhkum edib və hökm icra olunub. Sonradan Səkinə Məhəmmədi Aştianiyə yeni iş açılıb. O, həyat yoldaşının qətlində iştirakda və onun sağlığında da xəyanət etməkdə günahlandırılıb, daşqalaq yoluyla ölümə məhkum olunub. Azərbaycanlı qadın əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirərək, irəli sürülən bütün ittihamları rədd edib. Son xəbərlərə görə, Səkinə Məhəmmədi Aştianiyə dəstək üçün dekabrın 26-da imzatoplama kampaniyası başlayıb. Bu barədə APA-ya kampaniyanın təşkilatçılarından, Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Elçin Hatəmi bildirib:
"Səkinə Məhəmmədi Aştiani barəsində çıxarılmış daşqalaq edilməklə ölüm hökmünün icrası beynəlxalq təzyiqlər nəticəsində dayandırılsa da, yenidən gündəmə gəlib. İran Ali Məhkəməsinin sədri ayətulla Sadiq Amoli Laricani azərbaycanlı qadının dar ağacından asılmaqla edam edilməsinin mümkünlüyünü bildirib. Bu qeyri-sivil qərara etiraz olaraq Türkiyədə yaşayan bir qrup azərbaycanlı fəal imzatoplama kampaniyası keçirməyi qərara aldıq".
Elçin Hatəmi elektron formada keçirilən imzatoplama kampaniyasına yalnız azərbaycanlıların deyil, dünyanın bir çox ölkələrində yaşayan xarici vətəndaşların da fəal şəkildə qatıldığını bildirib:
"Kampaniyaya ABŞ, İsveç, Böyük Britaniya, Hollandiya və başqa bir çox ölkələrdə qeydiyyatdan keçən insanlar qoşulub. Hamısı azərbaycanlılar deyil, sıralarında əcnəbilər də çoxluq təşkil edir. Kampaniyanın ilk bir saatında 39 nəfər iştirak edib, bu, başlanğıc üçün yaxşı rəqəmdir. Elektron imzaların nəticəsini yekunlaşdırıb beynəlxalq təşkilatlara göndərəcəyik".
|