Zorakılıq baş veribsə, insan danışmalıdır
 |
Lakin bu danışıq gizli saxlanmalı, məxfilik qorunmalıdır
Şənbə, 31.12.2011
|
|
Qadın intiharı və ailədaxili zorakılıq halları ilə bağlı statistik rəqəmlər açıqlanıb. Bu ilin yanvarından noyabrınadək 67 qadın intihar, 11 nəfər isə intihara cəhd edib. 47 qadın ailədaxili münasibətlər zəminində həlak olub, 32 qadın ciddi xəsarət alıb. Statistika göstərir ki, Azərbaycanda qadınların ciddi problemləri var.
Milli dəyərlərimizə xas olmayan və cəmiyyəti uçuruma aparan eybəcərliklərdən biri də cinsi zorakılıq hallarıdır. Artıq kiminsə zorlanması, cinsi təcavüz adi xəbərə çevrilib. Az qala hər gün eşitdiyimiz - filan rayonda azyaşlı qıza cinsi təcavüz olunub, paytaxtda yaşlı kişi 13 yaşlı qızı zorlayıb və s. kimi informasiyaların sayı durmadan artır. Bunlara şərait yaradan səbəblər isə bir növ kənarda qalıb.
"Təmiz Dünya" İB sədri Mehriban Zeynalovanın sözlərinə görə, cinsi istismara məruz qalan şəxs ciddi psixoloji təsirə düşür:
"Dediyiniz məsələ yalnız qız uşaqları ilə bağlı olmur, təkcə onu qeyd edim ki, iki gün öncə bizim təşkilata zəng edib bildirdilər ki, rayonların birində oğlan uşağını zorlayıblar. Bunların təbii ki, mənəviyyata birbaşa təsiri var. Mənəviyyatdan əlavə, bu həmin insanların həyatına, onun gələcəyinə çox ciddi fiziki, psixoloji və mənəvi zərbə vurur. Bu baxımdan, problemlə bağlı ciddi mübarizə aparmaq lazımdır".
Mehriban xanım cinsi zorakılıqların artmasına təsir edən amillərə münasibət bildirərək dedi ki, mövcud zorakılıq və zorakılığın cəza metodunun müəyyən edilməsi təkmilləşdirilməlidir:
"Bu məsələ qanunvericilikdə var, amma zorakılıq metodlarını daha dəqiq müəyyənləşdirməkdən ötrü, təbii ki, insanların danışması lazımdır. Təəssüf ki, əksər hallarda valideynlər biabır olmamaq üçün çalışır ki, baş verən hadisəni gizlətsin. İkinci tərəfdən isə belə xəbərlərin mətbuata çıxması düzgün deyil. Bu kimi hallar məxfi saxlanılmalı və anonimlik qorunmalıdır. Son zamanlar mənim xoşuma gəlməyən şeylərdən biri televiziyada kiminsə üzünün, ad-soyad və ünvanlarının göstərilməsi, yaxud qəzetdə şəklinin verilməsidir.
Bu yaxınlarda bir hadisə olub - insan alveri ilə məşğul olanların adları, soyadları, ünvanları açıq-aydın mətbuatda verilmişdir. Bunda bir etik qayda olmalıdır və əslində qanunvericiliyə görə, bu, cinayət məsuliyyəti daşımaq deməkdir. Bu kimi məsələlərə qarşı vaxtında cəza tədbirləri görülsə, qarşısı alına bilər".
Mehriban Zeynalova, ümumiyyətlə, cəmiyyətdə bu kimi anormal hərəkətlərə təsir edən amillərin önündə televiziya və interneti görür:
"Ona görə ki, oraya erotik materiallar sərbəst şəkildə buraxılır və bunları izləyən insanlarda isə eybəcər formada zorakılığa meyil yaranır. Nəticədə, zorakılıq halları getdikcə artmağa başlayır. Bu eybəcərliklər o həddə çatıb ki, qoca kişi azyaşlı qızı zorlayır. Ola bilsin əvvəllər də belə şeylər olub, amma çox az olub. Olanlarsa məxfi olub, cəmiyyətin bundan xəbəri olmayıb. Belə xəbərlərin cəmiyyətə yayılmasının bir yandan müsbət tərəfi odur ki, insanlar baş verən proseslər barədə məlumatlı olur, narahat olmağa başlayır və vəziyyətin reallığını görə bilir, ona qarşı tədbir görməyə çalışır. Digər tərəfdən bu vəziyyət tənzimlənməsə, norma halına keçə bilir".
Birlik sədri dedi ki, əxlaqsızlıqla məşğul olanın üzünü çəkib göstərmək əksinə, zorakılığa şərait yaradır: "İnsan alveri ilə bağlı anonimliyi pozan şəxslər 316-cı maddəyə görə cinayət məsuliyyəti daşıyır. Bəzən əxlaqsızlıq yuvaları ilə bağlı reydlər keçiriləndə görürsən ki, hansısa televiziya gedib əxlaqsızlıqla məşğul olan qızın üzünü çəkir. Əgər o adama kömək etmək istəyirsənsə, bunun başqa yanaşmaları olmalıdır. Məsələn, buna aid reabilitasiya proqramı var, yaxud şəxsi cəlb edib onun həyatını dəyişmək üçün pozitiv təkliflər vermək lazımdır. Vaxt var idi mən düşünürdüm ki, əxlaqsızlıq yuvalarının qarşısının alınması üçün fahişəliyin leqallaşdırılması bir çıxış yoludur və bunu təbliğ edirdim. Əslinə baxsaq, fahişəliyin leqallaşması yenə qadının hüququnun pozulmasıdır. Yəni biz ona başqa seçim təklif etmirik, deyirik ki, gəl sən fahişə ol. Hər hansı leqal fahişəxana açılarsa, orada fəaliyyət göstərən fahişə müdafiə olunmur. Deyirlər, qapıda mühafizə olacaq və s. Amma hansı kişi qapıdan girəndə sağlamlıq kağızı göstərəcək, təbii ki, heç kim. Bu isə həmin qadının xəstəliyə yoluxma ehtimalını çoxaldacaq. Müştəri otaqda istədiyi kimi onunla davranacaq, çünki obyekt gəlir gətirməlidir. Bunlar hamısı, ümumiyyətlə, çıxış yolu deyil. Biz fərqli təkliflər verməliyik".
Mehriban xanım bildirdi ki, bunların televiziyada göstərilməsi isə sonunda ölüm hadisələrinə də gətirib çıxara bilir. "Çünki onların da qohum-əqrəbaları var. Cəmiyyətdə bu cür görüntüləri yaymaqla elə fikirləşirik ki, guya bu halların qarşısını alırıq, amma əslində yeni bir zorakılıq üçün mühit yaradırıq. Bax, bu məsələlərə münasibət cəmiyyətdə təzadlıdır..
|
|
|
Oxşar xəbərlər:
Elçibəy ailəsi yardım təklifini qəbul etmir
Bu il 47 qadın ailə problemləri zəminində həlak olub
Bu il 105 uşaq bioloji ailələrinin himayəsinə qaytarılıb
Məhkum həbsxanadan qaçdı
6 ayda 51 jurnalist öldürülüb
|
|
|