2012-ci il mayın 1-dən milli telekanallarda xarici teleseriallara yasaq qoyulacaq. Rəqəmli yayıma keçidlə bağlı mətbuat konfransında bu barədə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib ("Turan"). O deyib ki, müvafiq qərar cümə axşamı qəbul edilib.
Onun sözlərinə görə, qərarda məqsəd yerli kino istehsalçısını qorumaq, kinonun inkişafına kömək etməkdir. "Bundan başqa, çox vaxt mentalitetə zidd seriallar göstərilir", - deyə o əlavə edib.
"Milli Televiziya və Radio Şurasının teleyayımçılara xarici ölkə istehsalı teleserialları yaymağı yasaq edən qərarı yayım proqramları üzərinə ön senzura qoyulmasıdır". Bu barədə isə Media Hüququ İnstitutundan AYNAya daxil olan bəynatda qeyd edilir. Qurum MTRŞ-nın teleyayımçıların proqram fəaliyyətinə qanunsuz müdaxilə təşkil edən, onların ifadə azadlığı haqlarına, eləcə də seyrçilərin keyfiyyətli teleməhsul almaq hüquqlarına ziyan vuran bu qərarını pisləyir.
"MTRŞ-nın səlahiyyət həddini aşmasıyla qəbul edilmiş bu qərar Azərbaycandan kənarda istehsal edilmiş bütün teleserial adlanan proqramların Azərbaycan televiziyalarında qeyd-şərtsiz qadağan edilməsi anlamına gəlir. Belə kütləvi qadağan heç bir legitim mənafe ilə əsaslandırıla bilməz. Bu qadağanı hüquqi baxımdan yararsız olan "gənc nəslin tərbiyəsi" mənafeyi ilə əsaslandırmaq cəhdi qərarın gerçək məqsədinin pərdələnməsi təsiri bağışlayır", - deyə qeyd edən MHİ hesab edir ki, belə qeyri-peşəkar yanaşma yayım sənayesini daha da zəiflədəcək, onu onsuz da dar olan seyrçi auditoriyasından məhrum edəcək, seyrçiləri kabel və peyk yayımları vasitəsiylə xarici teleradio məhsullarını əldə etməyə yönləndirəcək.
MHİ Konstitusiya və Avropa İnsan Haqları Konvensiyasıyla verilən ifadə azadlığı hüquqlarıyla bir araya sığmayan, ölkə yayımçılarına və seyrçilərinə zərər vuran bu qərarı ləğv etməyə çağırır.
|